Dünya 14:24 17.12.2022

Aİ-dən Rusiyaya ağır zərbə: 9-cu sanksiyalar paketində kimlər var?

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə 144 şəxsi daxil edib. "Qara siyahı”ya yüksək rütbəli məmurlar, hərbçilər, deputatlar, təbliğatçılar və Konstitusiya Məhkəməsinin hakimləri daxildir.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat dərc edilib

Sanksiyaya məruz qalan hökumət üzvləri arasında:

Baş nazirin müavinləri: Tatyana Qolikova, Viktoriya Abramçenko və Aleksey Overçuk,
Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov,
Mədəniyyət naziri Olqa Lyubimova,
Təhsil naziri Sergey Kravtsov,
Elm və ali təhsil naziri Valeri Falkov,
Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksey Çekunkov, 
Təbii Sərvətlər və Ekologiya Naziri Aleksandr Kozlov,
Rəqəmsal İnkişaf naziri Maksut Şadayev,
Əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov,
Ədliyyə naziri Konstantin Çuiçenko.

Macarıstan energetika naziri Nikolay Şulqinov, idman naziri Oleq Matıtsin və səhiyyə naziri Mixail Muraşkonun "qara siyahı”dan çıxarılmalarına nail olub, - EUobserver diplomatlara istinadən yazır.

Yeddi qubernator da Aİ-nin məhdudiyyətlər siyahısında yer alıb: Moskva vilayətinin rəhbəri Andrey Vorobyov, Novosibirsk vilayətinin rəhbəri Andrey Travnikov, Həştərxan vilayətinin başçısı İqor Babuşkin, Murmansk vilayətinin rəhbəri Andrey Çibis, Nijni Novqorod vilayəti Qleb Nikitin, Tver vilayətinin rəhbəri İqor Rudenya və Kaluqa vilayətinin başçısı Vladislav Şapşa.

Bundan əlavə, Aİ bütün parlament partiyalarına: Vahid Rusiya, Liberal Demokrat Partiyası, Rusiya Federasiyası Kommunist Partiyası, Ədalətli Rusiya - Həqiqət və Yeni İnsanlar Naminə, həmçinin Dövlət Dumasının 40 deputatı və Federasiya Şurasının 44 senatoruna qarşı sanksiyalar tətbiq edib. Onlardan başqa, "Roskomnadzor” və Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin də daxil olmaqla, 20 üzvü "qara siyahı”ya salınıb.

Təbliğatçılar və mədəniyyət xadimləri arasında aşağıdakılara məhdudiyyətlər tətbiq edilib: "Spas” telekanalının baş direktoru Boris Korçevnikov, Ren TV-nin baş direktoru Vladimir Tülin və kanalın bəzi digər rəhbərləri, Milli Media Qrupunun baş direktoru Svetlana Balanova, teleaparıcı Marina Kim, bloger Dmitri Puçkov ("Qoblin"), keçmiş rejissor Nikita Mixalkov, müğənni Qriqori Leps. Birinci Kanal, Rossiya, NTV və Ren TV Aİ ölkələrində yayım lisenziyalarını itirib.

Sanksiyalar bütün silahlı qüvvələrə də şamil edilib: Hava-Desant Qoşunları, Aerokosmik Qüvvələri, Milli Qvardiya Qoşunlarının Federal Xidməti, Hərbi Dəniz Qüvvələri, Xüsusi Əməliyyat Qüvvələri, Baş Qərargahın Baş Hesablama Mərkəzi.

Sanksiyaya məruz qalan kredit təşkilatlarının siyahısı genişlənib: Moskva Kredit Bankı və Uzaq Şərq Bankı. Onların aktivləri dondurulacaq. Ümumrusiya Regional İnkişaf Bankı əməliyyatların qadağan olunduğu təşkilatların siyahısına əlavə edilib.

"Doqquzuncu paket Rusiyanın Ukraynaya qarşı davam edən cinayətkar müharibəsinə, xüsusən də Rusiyanın qışda ölkəni iflic vəziyyətinə salmaq üçün məqsədyönlü şəkildə əhalini və mülki infrastrukturu məhv etmək qərarına cavab idi”, - Avropa Komissiyasının bəyanatında deyilir. Onlar əlavə ediblər ki, Aİ "siyasi, maliyyə və humanitar yardım” göstərməklə "Ukrayna və onun xalqını dəstəkləməyə davam edəcək”.

Nizami Bağırov