"Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır".
Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqları intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb: "Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişənin beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq lazımdır".
Ali nümayəndə bildirib ki, Aİ ATƏT-in Minsk qrupunun səylərini və etimadın yaradılması üzrə tədbirlərini dəstəkləyir.
F.Mogerini qeyd edib ki, Azərbaycan iqtisadiyyatını şaxələndirir və Aİ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunacağına ümid edir.
Aİ-nin ali nümayəndəsinin sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması Avropa, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat şəbəkəsinin inkişafı baxımından irəliyə doğru atılmış addımdır.
"Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların tezliklə bitəcəyinə və bu sazişin əməkdaşlığımızı müasir dövrə və hazırda üzləşdiyimiz çağırışlara daha uyğun edəcəyinə ümidvaram", deyə Mogerini bildirib.