"Avropa İttifaqının bu məsələdə heç bir perspektivi yoxdur. Artıq regional səviyyədə ümumi razılaşma var ki, bütün problemlər yalnız regionda həll olunsun".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa İttifaqı Xarici Əlaqələr Şurasının bazar ertəsi keçiriləcək iclasında Ermənistan və Azərbaycan arasındakı vəziyyətin müzakirə ediləcəyini şərh edərkən deyib:
"Hazırda Aİ ilə Ermənistan arasında münasibətlərin daha da dərinləşdirilməsi prosesinə rəvac verilib. Bu kontekstdə Ermənistan baş nazirinin Fransaya son səfərini düşünün. Paris İrəvanı Avropaya tərəf aparan dövlət rolunda çıxış edir. Ermənistan da bundan istifadə edərək Aİ ilə münasibətlər sisteminin daha da dərinləşdirilməsində maraqlıdır. İndiyə qədər Rusiyanın çətiri altında olan İrəvan hazırda yeni təhlükəsizlik sistemi çətiri axtarışındadır ki, bu rolda da Aİ çıxış edir. Aİ Xarici Əlaqələr Şurasının iclasında yuxarıda qeyd etdiyim məsələlər əsas müzakirə predmeti olacaq. Bu kontekstdə də Ermənistanın təhlükəsizlik məsələsi öndə gəlir", deyə Natiq Miri qeyd edib.
Ekspert bildirib ki, Aİ Ermənistanda yerləşmək üçün siyasi-hüquqi zəmin əldə etməyə çalışır:
"Hazırda yanlış ictimai rəy yaradılır ki, guya Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edəcək. Belə fikirlər ona görə ortaya atılır ki, Aİ-nin Ermənistanda ciddi şəkildə yerləşməsinə siyasi və hüquqi zəmin yaransın. Bu xüsusda da Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını təşviq edirlər. Onlar Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq konkret rəqəmlər çərçivəsində ərazi bütövlüyünü tanınmasını təşviq edir. Doğrudur, bu Azərbaycan tərəfindən də tanınır. Ancaq İrəvan və Aİ-nin dediyi kimi, Ermənistanın 29,8 mikn kv.kilometr ərazi çərçivəsində tanınma olmayıb. Bu rəqəmlərin hardan alındığı bəlli deyil. Paşinyan iddia edib ki, onu 1977-ci il SSRİ ensiklopediyasından götürüb".
Natiq Miri deyib ki, Ermənistan sülhün Brüsseldə imzalanmasını istəyir:
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən bununla bağlı açıqlama verib. Azərbaycan isə bununla bağlı qərar verməyib. Çünki Aİ çərçivəsində sərhədlərin müəyyənləşməsi məsələsində konkret hüquqi əsasların necə ortaya çıxacağı Bakı üçün aydın deyil. Çünki bu xəritələr yalnız Rusiya arxivlərində mövcuddur. Bakı isə məsələni daha çox ikitərəfli qaydada çözmək istəyindədir.
Ona görə də Aİ anti-Azərbaycan mövqeyindən imtina etməyincə, həmin qurumun prosesdə iştirakına heç bir imkan və lüzum qalmayacaq. Bu səbəbdən kimin harda və necə toplanması Azərbaycanı o qədər də narahat etmir”.
Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr Şurası bazar ertəsi keçiriləcək iclasında Ermənistan və Azərbaycan arasındakı vəziyyəti müzakirə edəcək. Belə bir açıqlama ilə Aİ-nin Media və Kominikasiya şöbəsinin mətbuat əməkdaşı Maria Daniela Lenzu çıxış edib.
Rüfət Sultan