Xəbər lenti

Aİ-nin təklifləri: Təlimat kitabı, yoxsa kordinativ münasibətlər fəlsəfəsi?
Siyasət08:22 11.11.2022

Aİ-nin təklifləri: Təlimat kitabı, yoxsa kordinativ münasibətlər fəlsəfəsi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq mühüm yer tutur. Azərbaycanın strateji mövqeyi Aİ-yə üzv dövlətləri ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə sövq edir. 
Bu qurumla Bakının əlaqləri 1998-ci ildən geniş vüsət almağa başlayır. Aİ öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərib. Azərbaycan Aİ-də öz Daimi Nümayəndəliyini 2000-ci ildə açıb. 2003-cü ildə qurumun regiondakı rolunun aktivləşdirilməsi məqsədilə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olunub. Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qüvvəyə minib. Həmin dövrdən başlayaraq ildə bir dəfə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasları keçirilir. 2004-cü il 17-18 iyun tarixlərində Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının Brüsseldə keçirilmiş toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə (AQS) cəlb olunmasına dair tövsiyəsi təsdiq olunur. 44 günlük müharibədən sonra isə Aİ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində aktivləşir. Bu xüsusda Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyilə Azərbaycan və Ermənistam liderləri arasında bir sıra görüşlər keçirilib. 
Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycan Aİ ilə münasibətləri yeni mərhələyə qaldırmaqda maraqlıdır:
"Azərbaycan müstəqillik əldə edəndən sonra Qərbə inteqrasiya yolunu götürüb. Bu müstəvidə qurumla ölkəmiz arasında münasibətlər daim inkişaf edir. 2017-ci ildən bəri bu münasibətlər xeyli dərəcədə dərinləşib. Bakı Aİ ölkələrinin üçdə biriylə yaxın strateji tərəfdaşlıq müqavilələri imzalayıb. Ölkəmiz qurumla münasibətləri həm də yeni mərhələyə qaldırmaqda maraqlıdır”. 
Ekspert təəssüflə onu da bildirir ki, Aİ və digər oxşar təşkilatlar bir sıra hallarda Azərbaycana münasibətdə yuxarıdan aşağı baxmaq siyasətinə üstünlük verir: 
"Hansı ki, belə yanaşma Azərbaycanı əksər hallarda qane etməyib. 1996-cı ildə Aİ ilə ölkəmiz arasında strateji tərəfdaşlıqla bağlı müqavilələr imzaladı. Qurumla ölkəmiz arasında assosiativ saziş və üzvlüklə bağlı məsələdə bəzi mübahisələndirilə bilən məqamlar da mövcuddur. Aİ bir sıra hallarda bu məsələlər üzrə sanki diktə dililə danışır. Azərbaycan dövlətinin başçısı bir dəfə bu barədə danışarkən qeyd edib ki, onların təklifləri daha çox təlimat kitablarına oxşayır, nəinki kordinativ münasibətləri əks etdirən müqavilə fəlsəfəsinə”. 
Həmsöhbətimiz vurğulayır ki, Bakı Aİ ilə şaquli deyil, daha çox kordinativ, yəni bərabərhüquqlu münasibətlərdə maraqlıdır: 
"Bu da Azərbaycanın milli maraqlarından irəli gələn məsələdir. Ölkəmiz qurumla münasibətləri həm də yeni mərhələyə qaldırmaqda maraqlıdır. Lakin bu məsələdə Azərbaycanın özünün də müstəqil dövlət olaraq istədikləri var. Bakı Aİ ilə şaquli deyil, daha çox kordinativ münasibətlərdə maraqlıdır. 
Bakı ilə Aİ arasında Sazişin imzalanması istiqamətində 2017-ci ildən bəri danışıqlar gedir. Artıq sazişin 90 faizi razılaşdırılıb. Yalnız bir qisim məqamlar üzərində fikir mübadiləsi gedir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı 5-10 il möhlət istəyib. Məqsəd Azərbaycanın həmin təşkilata üzv olmaq ərəfəsində daxili bazarı qorumaq amacı ilə onu bir qədər gücləndirilməsinə nail olmaqdan ibarət olub. Bu da başa düşüləndir, ölkənin milli maraqlarından irəli glir. Aİ Ermənistanın təcavüzkar siyasətilə bağlı məsələdə də bir sıra hallarda ikili standartlar tətbiq edib. Müharibəyə qədər bu daha çox həcmdə belə olub. Azərbaycan işğala məruz qalsa da, vaxtilə Aİ ölkəmizə deyil, daha çox işğal siyasəti yürüdən Ermənistana humanitar yardımlar edib”. 
Ü. Şəfiyevin fikrincə, yaxın dövrlərdə Aİ ilə Bakı arasında Sazişin imzalanacağının şahidi də olacağıq: 
"Bütün hallarda Aİ ilə Azərbaycan arasında münasibətlər inkişaf dinamikası üzrə gedir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizindən çoxu Aİ ölkələrinin payına düşür. Lakin onun da əsas hissəsi əsasən karbohidrogen ehtiyatları ilə bağlıdır. Bakı həmçinin, Aİ ölkələrinin qaz və neftlə təminatında mühüm rol oynayır. Bu sahədə Azərbaycanın əhəmiyyəti Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda daha da artıb. Bu onu deməyə əsas verir ki, Aİ ilə ölkəmiz arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün elə də ciddi baryerlər qalmayıb. Qalan cüzi məqamların razılaşdırılması üzərində işlər gedir. Rəsmi Bakı Aİ rəsmiləriylə mütəmadi görüşlər keçirir. Hesab edirəm ki, yaxın gələcəkdə tərəflər arasında nəzərdə tutulan sazişin imzalanması prosesi baş tutacaq və Aİ ilə Azərbaycan münasibətlərində yeni yanaşmaların şahidi olacağıq”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.