Avropa İttifaqı (Aİ) Ukraynanı uzunmüddətli təhlükəsizlik öhdəlikləri ilə təmin etmək üçün strategiya formalaşdırıb. Eyni zamanda, Aİ-nin Ukraynanın hərbi xərclərinə 4 il ərzində 20 milyard avro ayırması ilə bağlı ilkin planı ittifaqa üzv dövlətlər arasında ziddiyyətlər səbəbindən yerinə yetirilməyə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" müzakirələrdən xəbəri olan diplomata
istinadən yazır.
"Bloomberg” tərəfindən nəzərdən keçirilən Ukraynaya uzunmüddətli dəstək haqqında sənəd layihəsi Ukrayna hərbçilərinə təlimlərin keçirilməsini və ölkənin müdafiə sənayesinin inkişafına vəsaitin ayrılmasını ehtiva edir. Agentliyin məlumatına görə, Aİ ölkələri bunu həftənin sonuna qədər və ya gələn ayın əvvəlində müzakirə edəcək.
Eyni zamanda, "Bloomberg" yazır ki, Ukrayna silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün təxminən 20 milyard avro dəyərində xüsusi fond yaratmaq barədə yayda təklif edilən təşəbbüs "təhlükə altında ola bilər". Agentliyin həmsöhbətinin sözlərinə görə, Almaniya da daxil olmaqla, Aİ-yə üzv olan bəzi ölkələr bu planın şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Bundan əlavə, "Bloomberg"in mənbəsi qeyd edib ki, Macarıstan Aİ adından Ukraynaya dəstəyə vəsaitin ayrılmasına mane olur. Onun sözlərinə görə, Budapeşt israr edir ki, Aİ əvvəlcə Ukrayna ilə bağlı ümumi strategiyanı müzakirə etsin.
Nizami Bağırov
Şərhlər