Asəf Quliyev: “İndiki zamanda 150 min deyil, 50 min manat pulumuz olsaydı, başqa formada işləyərdik”
“Milli Şuranın Mitinq Komitəsi mitinqlə bağlı hər gün iclas keçirir. Aksiyanın keçirilməsi üçün texniki məsələlər, demək olar, həll edilib. Növbədə isə kütlə ilə işləmək qalır. Bununla bağlı sosial şəbəkələrdə “event” də yaradılıb. Həmçinin, KİV vasitəsilə xalqa müraciətlər edirik. Qurumda təmsil olunan partiyaların rayon şöbələri üzvlərlə mütəmadi görüşlər keçirirlər. Eyni zamanda beynəlxalq təşkilatlara da müraciət olunacaq”.
Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Asəf Quliyev deyib. O bildirib ki, aksiyaya hazırlıq prosesini normal hesab etmək olar: “Düşünürük ki, cəmiyyətdə mitinqə qarşı münasibət çox yaxşıdır. Çalışacağıq ki, sakit tərzdə mitinqimizi keçirək. Aksiyaya 20 min insanın çıxarılması planlaşdırılır. Avqustun 17-də Mitinq Komitəsinin mətbuat konfransı olacaq. Orada hazırlıq işlərinin yekunu ilə bağlı məlumat veriləcək”.
A.Quliyev “Milli Şuranın mitinqinə 150 min manat pul ayrılıb” fikrinə də münasibət bildirib: “Bunlar hamısı boş sözlərdir. İndiki zamanda bizim 150 min deyil, 50 min manat pulumuz olsaydı, başqa formada işləyərdik. Ümumiyyətlə, maliyyə vəsaiti yoxdur. Hər partiya özü maliyyə məsələsini həll edir. Bu da təbii ki, ianələr hesabına olur. 150 min manat olsaydı, bizim heç bir narahatlığımız olmazdı. O zaman 20 minlik deyil, 50 minlik mitinq təşkil edə bilərdik”.
Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) avqustun 18-də mitinq keçirmək üçün qərar qəbul edib. Artıq, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət olunub. İlkin Qaynar.info