Xəbər lenti

Alimlər Leonardo da Vinçinin ürək rəsmlərindəki 500 illik sirri açdı
Sənət 18:10 18.08.2025

Alimlər Leonardo da Vinçinin ürək rəsmlərindəki 500 illik sirri açdı

Müasir texnologiyalar dahi Leonardo da Vinçinin əsrlərdir alimləri düşündürən sualına cavab verib. Onun ürəyin daxili divarlarında təsvir etdiyi mürəkkəb əzələ şəbəkəsi - trabekulların funksiyası və əhəmiyyəti nəhayət ki, aydınlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, Da Vinçi əsrlər əvvəl bu strukturları ətraflı şəkildə çəkmiş, onların qan dövranında rol oynaya biləcəyini ehtimal etmişdi. Lakin əsrlər boyunca trabekulların funksiyası müəmmalı qalmışdı. 

"Nature” jurnalında dərc olunmuş son araşdırma, MRT texnologiyası, fraktal analiz və genetik tədqiqatların köməyi ilə trabekulların ürəyin fəaliyyətində həlledici rol oynadığını sübut edib.

Məqalədə alimlər bildirirlər ki, trabekullar sadəcə embrion inkişafının qalığı deyil, əksinə, qan axınının səmərəliliyinə təsir göstərərək ürəyin işini tənzimləyir. Onlar embrionun erkən mərhələsində formalaşır və sonradan ətrafında əzələ toxuması inkişaf edir. Araşdırma göstərib ki, trabekulların quruluş xüsusiyyətləri ürək çatışmazlığı və aritmiyalar kimi xəstəliklərə genetik meyilliliyi müəyyən edə bilər.

Alimlər fraktal nəzəriyyədən istifadə edərək trabekulların mürəkkəb, ağac budaqlarına bənzər quruluşunu öyrənib. Bu metod sağlam və xəstə ürək toxumalarının fərqləndirilməsinə imkan yaradıb.

Tədqiqatın nəticələrinə görə, trabekulların genetik əsaslarının öyrənilməsi gələcəkdə hədəfli terapiya üsullarının inkişafına, ürək xəstəliklərinin qarşısının alınmasına və müalicəsinə yeni imkanlar açacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->