
“Nida” vətəndaş hərəkatının həbsdə olan gənc üzvləri artıq 8-ci gündür ki, aclıq aksiyası keçirirlər. Azərbaycan ictimaiyyətinin dəstəyi olduğu kimi dünyada yaşayan mühacir azərbaycanlılar da gənclərə dəstək olmağa başlayıblar.
İsveçdə yaşayan soydaşlarımızın ardından Almaniyada yaşayan mühacirlərimiz də gənclərlə bağlı sosial şəbəkələrdə aksiya keçirəcəklərini bildiriblər. Belə ki, aprel ayının 25-i Almaniyanın Nürnberg şəhərində gənc “Nida” üzvlərinin qanunsuz həbsinə etiraz olaraq Almaniyada yaşayan mühacirlərdən ibarət aksiya keçiriləcək.
Bu barədə aksiyanın təşkilatçısı Almaniyada yaşayan mühacir Tural Sadıqlı özünün facebook səhifəsində məlumat verib: “Diqqət! Həbsdə olan gənclər Azərbaycanı bataqlıqdan çıxarmaq üçün həbsə düşüblər. Ona görə də azərbaycanlı olaraq onlara dəstək olmaq hər birimizin vicdan borcudur. Hər kəs bir vasitə ilə onlara dəstək olmalıdır. Bunu nəzərə alaraq, biz ayın 25-i cümə günü Almaniyanın Nürnberg şəhərində gənclərimizə dəstək aksiyası keçirəcəyik. Bu vasitə ilə həm də alman ictimaiyyətinə Azərbaycanda insan haqlarının necə pozulduğunu, Azərbaycan hakimiyyətinin gənclərə qarşı necə düşmən kəsildiyini çatdırmağa çalışacağıq. Bu barədə buranın yerli mətbuatına da məlumat vermişik. Nürnberg və ətraf şəhərlərdə qalan dostlardan aksiyamızda iştirak edib dəstək vermələrini xahiş edirəm. Yaxud da bu ətrafda yaşayan tanışlarına bu barədə məlumat versinlər. Maraqlanan və qoşulmaq istəyən kəslər mənim elektron ünvanıma yaza bilər. Əvvəlcədən təşəkkürlər”.
Qeyd edək ki, Nürnberg şəhəri Almaniyanın Bavariya torpağına bağlı olan bir şəhərdir. Şəhərdə 500-dən çox azərbaycanlı yaşayır.
Qaynar.info