"Almaniyanın Ermənistana qoşun göndərməsi mümkünsüzdür. Çünki İrəvanla Moskva arasında 1995-ci ildə imzalanan müqaviləyə əsasən, hər hansı kənar hərbi qüvvənin Ermənistan ərazisinə yeridilməsi Rusiya hərbi bazası ilə razılaşdırılmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Fransanın ardınca Almaniyanın da Ermənistana qoşun göndərmək niyyətini şərh edərkən deyib.
"Təbii ki, Moskva da buna heç zaman razılıq verməyəcək. Bu səbəbdən Berlin nə qədər istəsə də, onun belə bir addım atması mümkünsüzdür. Berlinin Ermənsitanda nə axtardığı məsələsinə gəlincə, deməliyəm ki, Fransa nə axtarırsa, Almaniya da onu axtarır. Ermənistanda, Cənubi Qafqazda möhkəmlənmək, Rusiyanı buradan vurub çıxarmaq istəyirlər. Qərbin bu sayaq addımları bundan sonra da davam edəcək. Lakin Moskva buna imkan verməməyə çalışacaq. İndilikdə isə Almaniyanın bu istəyinin baş tutması mümkünsüzdür", deyə politoloq bildirib.
Qeyd edək ki, Fransa və ABŞ-ın ardınca Almaniya da Ermənistanda möhkəmlənmək, qoşun yerləşdirmək niyyətinə düşüb. Kremlə yaxın mənbələrdən Rusiya KİV-lərinə sızdırılmış məlumata görə, Almaniya Ermənistanın "satın alınması" variantına üstünlük verir. Belə ki, rəsmi Berlin Rusiya sərhəd qoşunlarının Ermənistandan ən qısa zamanda çıxarılması və onun öz qüvvələrilə əvəzlənməsində maraqlıdır. Almaniyanın Avropanın əsas "pul kisəsi" olduğunu nəzərə alsaq, bu variantın reallaşdırılması əvəzində Paşinyan hakimiyyətinə maliyyə yardımları təklif etdiyi də bildirilir.
Rüfət Sultan