Siyasət 04:40 01.06.2023

Alyans ölkələri Ukraynanın NATO-ya qoşulmaq istəyinə nə deyəcəyini bilmir - Politico

NATO xarici işlər nazirləri mayın 31-də və iyunun 1-də Osloda keçiriləcək qeyri-rəsmi toplantıda Ukraynanın bloka qoşulmaq istəyini müzakirə edəcəklər. Kiyev Rusiya ilə hərbi münaqişə zamanı NATO-ya üzv ola bilməyəcəyini başa düşür, lakin alyansın Vilnüsdə keçiriləcək blokun sammitində Ukraynanın daxil olması üçün konkret addımlar atmasını istəyir. Bu arada, müttəfiqlərin bu məsələ ilə bağlı hələlik ümumi rəyi yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Politico yazır https://www.politico.eu/article/ukraine-renew-push-nato-membership/ .

Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina Bratislavada keçirilən Globsec təhlükəsizlik konfransı zamanı nəşrə bildirib ki, Kiyev 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitdə Ukraynanı alyansa dəvət etmək üçün NATO-dan "aydın siqnal” gözləyir. "Bizə bütün üzv dövlətlərin vahid öhdəliyi (Ukraynanın üzvlüyünə dair — red.) lazımdır”, - Stefanişina vurğulayıb.

Stefanişina Politico-ya bildirib ki, Kiyevin NATO-ya qoşulması ilə bağlı diskursda hazırda Ukraynanın olduğu yerdə qalması "tamamilə qəbuledilməzdir”. O vurğulayıb ki, onun üçün sammitdən sonra alyans nümayəndələri ilə Ukraynanın üzv  olması şərtlərini artıq müzakirə etməsi vacibdir. 

Çexiyanın xarici işlər naziri Yan Lipavski Globsec forumu zamanı nəşrə bildirib ki, bütün müttəfiqlər NATO-nun qarşıdan gələn sammitini müzakirə edirlər. Lipavski deyib ki, o, sammitdə İsveçin NATO-ya daxil olmasını və Ukraynanın alyansa dəvətini elan etməsini istəyir. Eyni zamanda, o qeyd edib ki, 31 ölkənin koalisiyaları üçün belə məsələləri həll etmək çətindir.

"Politico” yazır ki, Oslo danışıqları ərəfəsində müttəfiqlər Kiyevin alyansa qoşulmaq istəyini təmin etmək üçün müxtəlif ideyalar irəli sürürlər. Xüsusilə, Vilnüs sammitinin yekunlarına görə, Ukraynaya dair bəyannamənin qəbulundan Ukrayna-NATO şurasının yaradılmasına qədər variantları nəzərdən keçirirlər.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Ukrayna Rusiyanın hərbi müdaxiləsi fonunda NATO-ya üzv olmaq üçün müraciət edib. 2023-cü ilin mayında The Washington Post alyans ölkələrinin Ukraynanı iyulda Vilnüsdə keçiriləcək sammitdə üzvlüyə dəvət etməmək qərarına gəldiyini yazıb. Mayın 21-də Almaniya kansleri Olaf Şolts bildirib ki, Ukrayna NATO-ya üzvlük üçün bir çox meyarlara cavab vermir. Euractiv-in məlumatına görə, NATO Ukraynaya alyansa üzv olmayan tərəfdaş statusu təklif edə bilər.

Nizami Bağırov