
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 sentyabr iclasından rəsmi məlumat yayılıb.
Bildirilir ki, iclasda AMEA nəzdində “Xızı” Aqroparkının təsis edilməsi haqqında qərar qəbul edilib. Müəssisə “Əngilan” Kənd Təsərrüfatı-İstehsalat Kompleksinin fəaliyyətinin yenidən bərpası məqsədi ilə təşkil edilir.
Xızı rayonunun Əngilan kəndində yerləşən aqroparkın fəaliyyəti elmi tədqiqatların potensialından faydalanaraq kənd təsərrüfatı məhsulları istehsal etmək və onların çeşidini artırmaqdan ibarət olacaq. Burada yeni iş yerləri açılacaq, AMEA-nın işçiləri və əhaliyə ərzaq məhsulları ilə xidmət ediləcək.
Rəyasət Heyətinin növbəti qərarları ilə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun yeni nizamnaməsi və strukturu təsdiqlənib, yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsinin icrası akademik İradə Hüseynovaya həvalə edilib. Texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev isə Kibernetika Xüsusi Konstruktor Bürosunun direktoru vəzifəsinə təyin edilib.