"Anklav kəndlərlə bağlı məsələni iki cür həll etmək olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə son günlər Azərbaycan və Ermənistan liderlərinin anklav kəndləri məsələsini gündəmə gətirməsinin səbəblərini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, anklav kəndləri məsələsini bir güllə atmadan həll etmək mümkündür:
"Üçtərəfli bəyannaməyə əsasən, delimitasiya və demarkasiya məsələlərilə məşğul olan ikitərəfli kommisiya yaradılıb və onun tərkibi müəyyənləşib. Həmin kommisiya yığışıb məsələni müzakirə etməlidir. Azərbaycanın Ermənistan ərazisində və əksinə olmaqla kəndlərinin olduğunu təsdiq edən sənəd və sübutlar varsa, ortaya qoyub, coğrafiya, beynəlxalq hüquq sahəsində mütəxəssislər oturub məsələni müzakirə etməlidirlər. Düzdür, Ermənistanda bəziləri hay-küy qaldırıb ki, anklav kəndlər Azərbaycanın İrəvana qarşı ərazi iddiasını bildirən haldır. Amma elə şey yoxdur. Sadəcə, oturub danışaraq, razılığa gəlməlidirlər”.
Anklav kəndləri uğrunda lokal toqquşmaların olub-olmayacağına gəlincə, ekspert qeyd edib ki, məsələni iki cür həll etmək olar:
"Ya Ermənistan ərazisində olan anklav kəndlər Azərbaycana, Bakının nəzarətindəki anklav kənd də İrəvana qaytarılır. Ya da yenidən anklav məsələsini dirçəltməmək üçün delimitasiya və demarkasiya kommisiyasında ərazi mübadiləsi istiqamətində təkliflər hazırlanır. Tərəflər bir-birinə münasib, uyğun əraziləri verir. Burada həyəcan doğurası heç bir problem yoxdur”.
Rüfət Sultan