Antikommunist hərəkatının müxtəlif ölkələrdən olan veteranları Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq müraciət qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşünmə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər məlumat yayıb.
"Bu günlərdə Polşalı dostlarım - antikommunist hərəkatının veteranları təklif etdilər ki, Rusiyanın yeni hərbi cinayəti - Ukraynaya qarşı müharibə ilə bağlı müxtəlif ölkələrdən olan veteranların birgə müraciətini qəbul edək.
Razılaşdım. Hazırladıq. Yaydıq”, - deyə İsa Qəmbər bildirib.
Müraciətə gəlincə, antikommunist hərəkatının veteranları Rusiya-Ukrayna müharibəsini azad dünyaya elan edilmiş savaş kimi dəyərləndirir: "Putin rəsmi şəkildə bəyan edir ki, Rusiya imperiyasını bərpa etməkdə israrlıdır. Rusiya Duması Rusiya Federasiyanın silahlı qüvvələrinin ölkə xaricində istifadəsinə icazə verib. 2008-ci ildə bu icazə yalnız Gürcüstanla bağlı idi. İndi isə Rusiya Federasiyasının ordusu istənilən ölkədə müharibə apara bilər”.
Sənədin müəllifləri hesab edir ki, təcili NATO-ya üzv olmaq istəyən ölkələri bu təşkilata qəbul etmək lazımdır: "Ukrayna ilə olduğu kimi buna etiraz etməklə günaha batmaq olmaz. Əgər Rusiya Ukrayna dövlətini işğal edərsə, o zaman Moskva iqtisadi və insan resursları baxımından ciddi şəkildə güclənəck və fövqəladə təhlükəli rəqibə çevriləcək. Putinin hədəfi Rusiyanın Atlantik okeanından Sakit okeana qədər genişlənməsidir”.
Antikommunist hərəkatının veteranlarının fikrincə, Putin və Lukaşenkonun Beynəlxalq Trubinal qarşısına çıxarılması üçün onların hərbi cinayətləri sənədləşdirilməlidir: "Əgər Ukrayna rus ordusnun qarşısını ala bilməsə, o zaman bütün Avropa Atlkantik okeanından Sakit okeana qədər ərazini əhatə edən "rus dünyası”nı qəbul etmək zorunda qalacaq”.
Sənədi 34 nəfər imzalayıb. Onların əksəriyyəti polşalı veteranlardır.
Seyid