Xəbər lenti

İdman 14:28 24.11.2023

Aqil Nəbiyev: “Çatışmayan çox şeylər var”

U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə uğursuz çıxışla yadda qaldı. Niderland, Bosniya və Hersoqovina, həmçinin Lüksemburqla birlikdə yer aldığı qrupda komandamız cəmi bir xal toplaya bildi və sonuncu oldu.

Millinin baş məşqçisi Aqil Nəbiyev Qaynarinfo-ya açıqlamasında yarış haqda təəssüratlarını bölüşüb, uğursuzluğun səbəblərini deyib:

"Təbii ki, komanda istədiyim kimi çıxış edə bilmədi. Belə olsaydı, ilk yerlərdən birini tutardıq. Yaxşı oynadıq, amma təəssüf ki, çatışmayan çox şeylər var. Üzülürəm, çünki üç ildir bu komanda ilə birlikdəyəm. Yarışa getməzdən əvvəl heyət baxımından problemlər yaşadıq. İlk oyunda Bosniya və Hersoqovina üzərində qələbə qazana bilərdik. Rəqibin qapısına oturmuşduq, amma 100 faizli qol vəziyyətlərindən istifadə edə bilmirdik. Bir qələbə, qrup ikincisi kimi çıxmağımız üçün yetərli olacaqdı. Niderlanda məğlub olsaq da, yaxşı oynadıq. Lüksemburqla matçda, videotəkrara da baxa bilərsiniz, qol vəziyyətlərindən yararlana bilmədik. Amma rəqib yarım qol vəziyyətdindən istifadə etməyi bacardı. 7-8 qol vəziyyətindən yalnız birindən istifadə edə bilirik. Sıxıntılarımız, problemlərimiz bununla bağlıdır. Tam heyətlə yarışa getsəydik, hətta qrupu lider kimi başa vurmağımız da mümkün idi. Ən pis halda ikinci yeri tutardıq. Avropa çempionatına qədər son oyunlarımız göstərirdi ki, komanda inkişafdadır. Yəni, tam heyətlə getsəydik, istədiyimiz nəticəni qazana bilərdik. Rəqiblərimiz Lüksemburq, Niderland və Bosniya və Hersoqovinanın bir sıra futbolçuları Avropanın əsas liqalarında çıxış edən klubların formalarını geyinir”.

Nəbiyevin rəhbərlik etdiyi U-19 millimizə xarici ölkələrdən bir neçə futbolçunun cəlb ediləcəyi bildirilirdi. Amma sonradan məhz Gənclər və İdman Nazirliyinin həmin oyunçulara pasport verilməsi üçün şərait yaratmadığı deyildi. Bəs həmin futbolçuların taleyi necə olacaq?

"Problemlərin tam şəkildə haradan qaynaqlandığını bilmirəm, çünki səlahiyyətlərimə aid deyil. Bilmədim o uşaqların məsələləri niyə alınmadı. Bizim işimiz məşqçi olaraq həm klublarımızda həm də ölkədən kənarda oynayan azərbaycanlı futbolçuları milliyə cəlb etməkdir. Faydalıdırsa, AFFA-ya məlumat veririk. Təbii ki, onlar da millimizə qoşulmadılar. Həm də bir neçə futbolçumuz var idi ki, zədə üzündən oynada bilmədi. Ümumilikdə 11-ə yaxın futbolçumuzu Avropa çempionatına apara bilmədik. Hansı ki, onların 7-8 nəfəri üç il ərzində əsas heyətin üzvləri olub”, deyə baş məşqçi bildirib.

Nəbiyev qarşıdakı planlar və komandanın baş məşqçisi kimi qalıb-qalmamaq istəyi haqda sualı belə cavablandırıb:

"Hələ ki, bu haqda məlumatım yoxdur. Heç bilmirəm ki, gələcəkdə komanda necə olacaq. Yəqin ki, yaxın günlərdə AFFA rəhbərliyi ilə müzakirələr aparacağıq. Uşaqların böyük potensialları var. Sonuncu oyunda qələbə qazansaydıq ikinci, məğlub olsaydıq axırıncı yeri tutacaqdıq. Hərbi xidmətə yollananlar geri qayıtsa, sənədlərində problem yarananların işləri qaydasına düşsə, zədəlilərimiz sağalsa, bu heyətin necə olacağını fikirləşin. Həqiqətən gələcək vəd edən, əsas milliyə namizəd sayılan uşaqlar var. Onları itirməməliyik. Üç ilə yaxındır tanıdığım bu futbolçuları qazanmaq lazımdır. Gələcəkdə nə necə olacaq, bu haqda AFFA qərar verəcək. Onu demək istəyirəm ki, potensialları böyükdür. Bu gün Azərbaycanda futbolçu qıtlığı var. Klublar cəlb etmək üçün azərbaycanlı oyunçu tapa bilmirlər. Şükür Allaha klubların sayı çoxalıb. Birinci, ikinci liqalar var. Futbolçu baxımından sıxıntılar varsa, bu uşaqları itirmək olmaz”.

Maraqlıdır əsas millidən yola salınan Canni De Byazi aşağı yaş qrupları ilə şəxsən, ciddi şəkildə maraqlanırdımı? Məsələn uşaqların məşqlərinə gəlib baxırdı?

"Onunla şəxsi söhbətimiz olmayıb. U-19-la bağlı hardasa görüşək, məndən məlumat alsın, belə şeylər olmayıb. Heç məşqlərimizi də izləmirdi. Millilərlə bağlı cavabdehlik daşıyan fərqli insanlar var idi ki, planlarımızı onlara deyirdik. Sırf De Byazi ilə görüşümüz olmayıb. Lakin hər toplanış zamanı AFFA-ya hesabat verirdik”, deyə Nəbiyev bildirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->