Dünya dinlərinin mahiyyət və məzmununu həm də insanlar və xalqlar arasında sülh, mehribanlıq, əmin-amanlıq kimi əxlaqi keyfiyyətlər əhatə edir. Təəssüf ki, erməni kilsəsinin fəaliyyətində bu, nəzərə çarpmır, burada dinə bir "vasitə”, "alət” kimi yanaşılaraq, bəşəri dəyərlərin əleyhinə yönəldilir. "Böyük Ermənistan” xülyasının gerçəkləşməsi yolunda işğal, terror və genosidin əsas vasitə sayılması, 30 il ərzində Azərbaycan torpaqlarının tapdaq altında saxlanılması, Vətən savaşında erməni silahlı birləşmələrinin dinc insanları, döyüş zonasından kənar yaşayış sahələrini atəş atəşə tutması bunun əyani göstəricisidir.
Erməni kilsəsi millətçilik davasında hər zaman öndə gedib, istər ölkə daxilində, istərsə də xaricində daim millətin fikir-düşüncəsində Türkiyə və Azərbaycanı düşmən obrazı kimi formalaşdırmağa çalışıb və buna nail olub. Erməni terrorçusu, daşnak liderlərindən biri olan Karekin Bastırmaçıyan "Erməni kilsəsi erməni millətinin ruhudur, vücududur” sözlərini də təsadüfən deməyib. Digər bir məşhur cinayətkar Hamparsum Boyaçıyan isə hələ 100 il bundan əvvəl "Erməni kilsəsinin xeyir-duası ilə yazılmayan erməni tarixi ermənilərin real həyatını ortaya qoya bilməz” fikrini səsləndirməklə kilsənin bu millətin dini və milli düşüncəsində oynadığı rol barədə aydın təsəvvür yaradıb.
Bax, erməni monastırlarında ötən bir əsrdə üzdə dini görüntülər nəzərə çarpsa da, əsas fəaliyyət erməni-xristian, türk (azərbaycanlı) - müsəlman düşmənçiliyi üzərində qurulub, gələcək erməni nəslində Türkiyə və Azərbaycana qarşı nifrət hissi aşılanıb. Bu kin-küdurətlə də saxta tarix üzərində yaradılan və milli- dini ayrı-seçkiliyə əsaslanan erməni ideologiyası - erməniliyin əsasları formalaşdırılıb. Erməni dövlətinin işğalçılıq, etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin əsası da bu faşist niyyət, mənfur düşüncə ilə qoyulub.
Erməni kilsəsi daim Azərbaycan-Ermənistan arasında mövcud ziddiyyətləri kəskinləşdirməyə, yaranan uçurumu daha da dərinləşdirməyə can atıb. Kilikiya katalikosu I Aram bu məsələdə Ermənistanın keçmiş və indiki rəhbərliyinin faşist xislətinindən heç də fərqlənməyən bir davranış nümayiş etdirib. O, bu il yanvarın 28-də Ermənistanda keçirilən ənənəvi Ordu Günündə İrəvandakı Erablur panteonuna gedib, orada hərbçiləri "yeni müharibəyə” səsləyib: "Erməni əsgərləri, yeni savaşa hazır olun! Biz müqəddəs savaşı davam etdirərək, torpaqlarımızı düşməndən təmizləməliyik!”.
"Qara keşiş”dən soruşmaq lazımdır ki, Ermənistanın hansı əraziləri işğal edilib? Bəlkə o, Qarabağı, Zəngəzuru (fərqi yoxdur, ya Şərqi, ya da Qərbi) doğma, əzəli-əbədi torpağı, yurdu sayır? Bəlkə İşıqlı, Murov dağlarını dədə-babalarının oylaq, yaylaq yerləri hesab edir? Bəlkə bu "din xadimi”nin tarixdən heç xəbəri yoxdur? Yox, "Qara keşiş”, çox şübhəsiz ki, "böyük Ermənistan” xülyasından da, indiki Ermənistanın necə qurulmasından da, bu dövlətin ərazisinin Azərbaycan torpaqları hesabına zaman-zaman necə genişləndirilməsindən də yaxşı xəbərdardır. Sadəcə onu faşist xisləti yuxuda gördüklərini həqiqət kimi deməyə, yozmağa vadar edir.
Görəsən, "qədim mədəni xalqın” katalikosu I Aram Ermənistan ordusunun işğal dövründə Qarabağı vəhşicəsinə yerlə-yeksan etdiyi, taladığı barədə indiyə kimi heç olmazsa, dalda-bucaqda dilinə bir kəlmə belə gətiribmi? Görəsən, katalikos soydaşlarının bütün millətlərdə müqəddəs məkan sayılan məzarlıqları dağıtmalarından, qəbirləri eşib oradan qızıl dişlər axtarmalarından, maddi-mədəni abidələrimizi dağıtmalarından, inanc yerlərimizi murdarlamalarından vicdan əzabı çəkirmi? Yox! Yox! Sizcə, əsgərlərini yeni "müqəddəs” savaşa səsləməklə, "torpaqları düşməndən təmizləməyə” çağırmaqla qana susadığını nümayiş etdirən bu "din xadiminə” mənəviyyat daşıyıcısı kimi yanaşmaq olarmı?!..
Erməni katalikosu 1-ci Aram bu əxlaqı, bu düşüncəsi ilə əslində dinsiz-imansızlığını nümayiş etdirir. Çünki dindar, din sevgisi ilə yaşayan şəxs heç vaxt özgə torpağına, özgə mülkünə tamah salmaz. Öz xoşbəxtliyini qonşunun yurd-yuvası, od-ocağı üzərində qurmaz. Qəlbində-könlündə insanlığa məhəbbət hissi yaşadar, xalqını sülhə əmin-amanlığa səsləyər. Göründüyü kimi, erməni katalikosu bu müsbət insani keyfiyyətlərdən məhrumdur.
"Qara keşiş” öz xalqını daim savaşa, qan tökməyə, təxribata, terrora sürükləyib, hakimiyyəti, ordunu "yeni ərazilər əldə etməyə” həvəsləndirib. İblis, şeytan yuvasına çevrilən istər Eçmiədzin (Üçkilsə), istərsə də Livanda yerləşən Kilikiya kilsəsi ötən 30 il ərzində uşaq cəlladları olan Sarkisyan-Köçaryan cütlüyünə züy tutub, onlara havadarlıq edib. Paşinyana da məsləhətlər verməyi unutmayıb. Ermənistanı Putinə "yox” deməyə və üçtərəfli bəyanata məhəl qoymamağa çağırıb, hətta "Ermənistan üçtərəfli Bəyannamədən imtina etməlidir” nidasını səsləndirməkdən çəkinməyib.
Ermənistan uzun illər işğalda saxladığı torpaqlarımızda tarixi abidələri, mədəniyyət nümunələrini, məscidləri din, əxlaq və mənəviyyatla bir araya sığmayan şəkildə barbarcasına dağıtdı, yerlə bir etdi, bununla da müqəddəs dəyər kasadlığını göstərdi. Erməni kilsəsi isə bütün bu vəhşiliyi susqunluqla qarşılayaraq, İlahi haqdan, Allahın ədalətindən üz çevirdi, soydaşlarının təcavüzkar əməllərinin qarşısını almaq təşəbbüsünün zəruriliyini unutdu. Əvəzində insanları xristian dininin də mahiyyətinə zidd olan terrora yönəltdi, silaha sarılıb təcavüzkar ordunu dəstəkləməyə çağırdı.
Erməni kilsəsi "erməni soyqırımı”nın baş verməsi faktını inkar edənlərə, Ermənistanın yeritdiyi seperatizm siyasətinin, törətdiyi vandal əməllərin insanlığa sığmadığını dilə gətirən şəxsiyyətlərə yönələn hücumun qarşısını almağı "unutdu”, faşizm ənənəsini dəstəkləmək yolunu tutdu.
Antisemitizmin iliyinə qədər işlədiyi bir millətin ətəyindən yapışdığı keşişlərin bəşəri mövqe sərgiləmələrini, dünya xalqlarının qədim tarixi abidələrinə, mədəniyyət nümunələrinə sayğı ilə yanaşmalarını düşünmək sadəlövhlük olardı. Ötən il Hindistan liderinin qondarma "erməni soyqırımı”nın baş verməsi faktını inkar etməsindən sonra Ermənistanda törədilən vandallıq da bunun bariz ifadəsi idi: bir dəstə erməni millətçisi İrəvanda Hindistanın Azadlıq hərəkatının siyasi rəhbəri və dini lideri Mahatma Qandinin abidəsini yandıraraq, hind xalqına nifrətini bütün dünyaya bəyan etdi. Yaxud ötən illərdə İkinci Dünya müharibəsində həlak olanların monumentlərinin məhv edilməsi bu xalqın faşizm xislətinin təsdiqi idi. Kilsə isə yenə də susqunluq ənənəsinə sadiq qaldı.
Erməni kilsəsi Azərbaycanın tarixi ərazisində məkrli plan əsasında yaradılan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın inzibati-ərazi bölgüsünə daxil olunması barədə 1988-ci il fevralın 21-də qərar qəbul ediləndə susdu. Bundan bir gün sonra bu təcavüzə etiraz olaraq Əsgəran rayonu ərazisində keçirilən Ağdam və Əsgəran sakinlərinin dinc nümayişi zamanı iki azərbaycanlı gəncin- Əli Hacıyev və Bəxtiyar Quliyevin qətlə yetirilməsinə heç nə olmamış kimi laqeydlik göstərdi. Həmin vaxtdan başlayaraq, iki il ərzində 250 mindən çox azərbaycanlı Ermənistandakı dədə-baba yurdundan didərgin salınanda, 217 nəfər vəhşicəsinə qətlə yetiriləndə, bu ölkədə etnik təmizləmə ilə yanaşı, 300-dən çox məscid, 500-dən çox qəbiristanlıq yerlə-yeksan ediləndə, bu ərazilərdə əzəli sakinlərin – azərbaycanlıların bütün tarixi və mədəni izləri qəsdən silinəndə, yaxud özününküləşdiriləndə, qədim toponimlərimiz erməniləşdiriləndə də kilsənin etiraz səsi eşidilmədi.
Erməni kilsəsi mövcudluğu tarixində bir dəfə belə olsun Ermənistan-Azərbaycan münaqişəsi haqqında əsl həqiqəti dilə gətirərək, bununla bağlı təmsil etdiyi xalqa çağırış etməyib, soydaşlarını sülhə, əmin-amanlığa səsləməyib. Əslində susmaqla, səssiz qalmaqla terroru, qəsbkarlığı, barbarlığı dəstəkləyib, hətta bir çox hallarda bu aktların təşəbbüskarı və müdafiəçisi kimi çıxış edib. Ən dəhşətlisi isə odur ki, Allah evi adlandırdığı kilsədə seperatizmi körükləyən keşiş "Qarabağ bizimdir!” şüarına imza atanlara, talan, terror və digər cinayət törədənlərə, necə deyərlər” qol-qanad, ruh verib, "Qarabağ” (komitəsi) və "Krunk” (cəmiyyəti) təşkilatlarına pul yardımında öndə gedib. Bundan imtina edənləri isə qınayıb. Bununla da ermənilərin xalqımıza nifrət, kin-küdurət alovunu daha da gücləndirib. İstintaqın müəyyənləşdirdiyi Sumqayıt hadisələrinin təşkilatçısı, qatı cinayətkar "Paşa” ləqəbli Eduard Qriqoryanı beynəlxalq aləmdə lənətləyənlərə nifrət bəslədiyini bildirib.
Görəsən, erməni faşizmi tərəfindən Azərbaycana qarşı həyata keçirilən Xocalı soyqırımı törədilməklə 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetiriləndə, 1275 nəfər girov götürüləndə erməni kilsəsində xaç çevirənlərin vicdanı titrəyibmi?!.
Çox şübhəsiz ki, erməni kilsəsinin Birinci Qarabağ müharibəsində işgəncə verilən, güllələnən yüzlərlə dinc soydaşımızın meyitlərini qazılan quyulara tökərək, üstünü torpaqlamaqla kütləvi məzarlıqlar yaradan erməni cəlladlarının insanlığa, əxlaqa sığmayan bu vəhşiliyindən də xəbəri olub. Lakin kilsə qan donduran bu qəddarlıqla da barışıb... O məzarlıqlarda uyuyan 3890 azərbaycanlının, o cümlədən təqribən 200 uşağın ruhunun qarşısında istər erməni faşizminin, istərsə də kilsənin Vətən müharibəsindən sonra da İlahi ədalət tərəfindən cəzalandırılacağına qəlbən inanıram.
İkinci Qarabağ savaşında Azərbaycanın parlaq qələbəsindən sonra erməni kilsəsi insanlıqla, bəşəri dəyərlərlə bir ara sığmayan fəaliyyətini daha da genişləndirib. Ölkəmizin sülh çağırışlarına məhəl qoymayan kilsə artıq Vətən müharibəsində sarsılan Ermənistanın dövlət ideologiyasını – ultramillətçiliyi, erməniliyi yenidən dirçəltmək, canlandırmaq yönündə addımlar atır, bu məqsədlə erməniləri revanşizmə səsləyir, bunun üçün əvvəlcə acı məğlubiyyətdən sonra parçalanan, iki qütbə bölünən milləti birləşdirməyə, bunun üçün dini əsaslara söykənən layihələr gerçəkləşdirməyə çalışır. Ötən ilin sonlarından başlanan və indi də icrası davam etdirilən şüarı "Qarşıdan gələn qələbənin simvolu”olan "Hakobavankın intibahı” adlı ideoloji layihə bunun bariz ifadəsidir.
Xatırladaq ki, layihəyə əsasən Kəlbəcərdəki ermənilərin Dadivəng adlandırdıqları Xudavəng monastırının bərpası qarşıya mühüm vəzifə kimi qoyulub. Burada yenilənmə aparılmaqla yanaşı, qazıntı əsasında elm-tədqiqat işinin həyata keçirilməsi də planlaşdırılıb.
Beləliklə, erməni kilsəsi ermənilərin hansısa dini-tarixi abidəsini bərpa etməyi deyil, tarixi saxtalaşdırmaqla, dini dəyərlərdən yararlanmaqla Qarabağda adı çəkilən monastır əsasında yeni ideoloji mərkəz yaratmaq, burada yaşayan erməniləri birləşdirmək, yenidən onları revanşizmə kökləmək, qələbəyə ruhlandırmaq məqsədi güdür. Yeri gəlmişkən, tarixdən də bəllidir ki, alban türk məbədi olan Xudavəngin ermənilərə heç bir dəxli yoxdur. Bu, Livanda yerləşən Kilikiya katalikosu I Aramla Ermənistan katalikosu II Qareginin heç bir əndazəyə sığmayan fitnəkarlığı, fəndgirliyidir.
Burada onu da qeyd edək ki, dünyada erməni kilsələrini, eləcə də Ermənistanın Eçmiədzin kilsəsini Kilikiya kilsəsi idarə edir. Ermənilərin toparlanması, silahlanması, onların siyasi baxışlarının müəyyənləşməsi, Azərbaycan və Türkiyəyə qarşı siyasi və ideoloji müharibənin aparılması, habelə terrorun dəstəklənməsidə Kilikiya katalikosu I Aram daha çox canfəşanlıq göstərir. O, "böyük Ermənistan” xülyasını gerçəkləşdirmək naminə keçmiş Dağlıq Qarabağ ərazisinin işğalçı ölkəyə birləşdirilməsinin əsas təşəbbüskarlarından biri kimi tanınır. I Aramın sözlərinə görə, gələcək "böyük Ermənistan”ın əsası indiki Ermənistanda qoyulur və bu, hər zaman olduğu kimi, hazırda da prioritet istiqamət kimi diqqətdə saxlanılır.
Rövşən Toğrul (Atakişiyev)