"İrəvan hələ bir müddət Rusiya ilə müttəfiqlik görüntüsü yaratmaq siyasətini davam etdirəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ilk xarici səfərini Rusiyaya etməsindən danışarkən deyib.
Politoloqun fikrincə, onun ilk səfərini Moskvaya etməsi İrəvanın strateji müttəfiq istiqamətində seçdiyi kursu göstərmək xarakteri daşıyır:
"Rusiyanı seçməklə İrəvan daha bir müddət Moskvaya ciddi ehtiyacının olduğunu ortaya qoydu. Çünki indiki vəziyyətdə Rusiyanı özündən uzaqlaşdırmaq Ermənistan hakimiyyətinin marağına uyğun deyil”.
Həmsöhbətimiz Mirzoyanın Moskva səfərində müzakirə edilməsi gözlənilən bəzi məsələlərə də toxunub:
"Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Habelə Bakının Gorus-Qafan yolunu bağlaması fonunda Moskvadakı görüşdə bu məsələlərin müzakirə predmeti olacağı istisna deyil. Əsasən də sərhədlərin müəyyənləşməsi və Qarabağın gələcək perspektivi məsələsi müzakirə ediləcək. Həmçinin, Ermənistan ordusunun yenidən təşkili məsələsi də danışıqlarda yer alacaq”.
Ekspert düşünür ki, bu səfərdən sonra Ermənistan xarici siyasət, təhlükəsizlik və bəzi iqtisadi məsələlərdə özü üçün yol xəritəsini müəyyənləşdirəcək.
Rüfət Sultan