Dünən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
Brifinq zamanı iştirakçılar post-münaqişə dövründə regionda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə məlumatlandırılıb. Burada xüsusən də son zamanlar Laçın yolunda gedən proseslər müzakirə olunub. Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb. Sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə olunub, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyəti qeyd edilib.
Siyasi şərhçi Arif Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu kimi tədbirlərdə əsas hədəf yaşadığımız region və Azərbaycanla Ermənistan arasında mövcud olan problemlərlə məşğul olan və qərarlar verən dairələrdir:
"Hər halda belə bir tədbirin keçirilməsi dəyərli və lazımlı addımdır. Hazırda proses ətrafındakı məsələlərin müzakirəsinin qızğın mərhələsindəyik. Bu fonda da müxtəlif mövqelər ortaya qoyulur. Belə vəziyyətdə Azərbaycanın da öz mövqeyini, atdığı addımları əsaslandırması da vacibdir. Haqlı mövqeyimizin bir tərəfdən media, digər tərəfdən isə diplomatik səviyyədə dəstəklənməsi baxımından belə tədbirlərin mühüm əhəmiyyəti vardır. Onun nəticəsidir ki, artıq belə informasiya sessiyaları və görüşlərin keçirlməsi daimi hal almağa başlayıb. Yəqin ki, bütün bunlar öz müsbət nəticələrini verəcək. Belə tədbirlərdə əsas hədəf bizim zona, regionumuz, sözügedən problemlə məşğul olan və qərarlar verən dairələrdir. Bu baxımdan da belə görüşlərin keçirilməsinin əhəmiyyəti hardasa hansısa məqaləni çap etdirməkdən də böyükdür”.
Rüfət Sultan