
Əziz N!DA-çı qardaşlarım
Aclıq aksiyanızın Sizə necə çətin başa gəldiyini, həbsxanadakı aclıq aksiyasının azadlıqdakı aclıq aksiyasından fərqini yaxşı bilirəm. Həbsxana rəhbərliyi gah xahiş edir, gah hədə-qorxu gəlir, gah “zorla yedizdirəcəyik” deyir. Biri gedir, o biri gəlir. Biri fanarla “şkonka”nın altında bublik axtarır. Hələ dustaq “zakonniklər” ““otrajat” edirsiz, bizə problem yaradırsız” - deyib bezdirir.
Amma siz dözürsünüz. Və bilirəm ki, dözəcəksiniz. Sizin necə məğrur insanlar olduğunuzu fəaliyyətinizdə də, meydanlarda mübarizənizdə də, məhkəmədə də gördüm. Bütün Azərbaycan xalqı gördü. Düşünməyin ki, insanlar bunu bilmir, görmür, qiymətləndirmir. Hər kəs daxilində bütün həqiqətləri bilir, dəyərləndirir. Danışanlar da, susanlar da, hətta həqarət edənlər də.
“Nəsimi” kinosunda “Nəsimiyəm”- deyib edama hazır olan gəncə Nəsiminin dediyi sözlər yadınızdadırmı? “ Sən heç özün də dərk etmirsən ki, indi hansı ucalıqdasan.” Siz indi hansı ucalıqda olduğunuzu dərk edirsinizmi? Bu gün dünyada zülmə qarşı savaşın önündə gedən, bu yolda hər cür fədakarlığa hazır olan azsaylı insanların ön cərgəsindəsiniz. “Nəsimi mənəm” deyib eşafota çıxmalı olan milyonlar bu gün sükutla, amma əmin olun ki, sevgi ilə sizin məğrur mübarizənizi izləyir. Aclığı davam etdirdiyiniz hər günün bəşəri dəyərlərin dərk olunması, zəhərlənib məhv olmaq həddinə gətirilmiş cəmiyyətin sağlamlaşdırılması üçün əhəmiyyəti misilsizdir. Bunu dərk edənlərin sayı isə düşündüyümüzdən də çoxdur.
Tanrı Sizi qorusun!
musavat.com