
"Məhsul" stadionu izdihamlı mitinqlərin keçirilməsi üçün əlverişli yer deyil.
Bu açıqlamanı Qaynar.info-ya Milli Şuranın üzvü, Müsavat başqanının müavini Arif Hacılı deyib.
Arif Hacılı qeyd edib ki, əslində müxalifətin "Məhsul" stadionunda aksiya keçirməsi hakimiyyətə qarşı bir kompramisə getməsidir: "İnanmıram ki, Azərbaycan hakimiyyəti indiki şəraitdə bu stadionu təmirə saxlayıb sərbəst toplaşma azadlığını daha da məhdudlaşdırsın. Çünki hazırda bütün dünyada ictimai-siyasi diqqət Azərbaycana yönəlib. Belə bir vəziyyət də Azərbaycan hakimiyyəti vəziyyəti düzgün analiz etsə, müxalifətə "Məhsul" stadionunda aksiya keçirmək üçün yer verəcək".
Arif Hacılı bildirdi ki, Azərbaycan Konustitusiyasına görə, sərbəst toplaşma azadlığı ayrı-ayrı yerlər baxımından tanınmır: "Sadəcə dövlət müəssisələri, hərbi obyektlərin qarşısında bu qanunla qadağan olunur. Əslində, bu cür konkret göstərilməyən yerlərdə etiraz aksiyalarının keçirilməsinə imkan verilməlidir. Hesab edirəm ki, Bakı şəhərində indiki dövrdə kompromis yerlərdən biri də "Dərnəgül" metrostansiyasının yaxınlığındakı meydana ola bilər. Əvvəla, bu meydan Bakı şəhərinin mərkəzindən xeyli aralıdır və burada nəqliyyatın hərəkəti, insanların istirahəti kimi bəhanləri yoxdur. Buna görə də indiki zamanda belə bir yerdə etiraz aksiyası keçirmək üçün icazə vermək həm iqtidar üçün, həm də müxalifət üçün bir kompromis olardı".
Arif Hacılı sonda onu da bildirdi ki, ayın 27-də "Tələb edirik" şüarı ilə keçiriləcək mitinqlə bağlı müraciətə qanunla üç gün ərzində cavab verilməlidir: "Yəni sabah günortadan gec olmayaraq, iştirakçılara müvafiq müraciətlə bağlı cavab verilməlidir".
Xatırladaq ki, dünən "Məhsul" stadionunun təmirə dayanması ilə bağlı xəbər vermişdik. Azərbaycan Həmkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən İdman Təşkilatları Assosiasiyasının təşkilat şöbəsinin müdiri Mahmud Məmmədov da məlumatı təsdiqləmişdi.
Elkin Xəlilov
Qaynar.info