Xəbər lenti

“Artıq sülhə yaxınıq” - Politoloq
Siyasət11:59 06.07.2023

“Artıq sülhə yaxınıq” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sülh sazişinin imzalanmasına indi daha yaxın məsafədəyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib: 
"Liderlərin Brüssel görüşündə prosesin inkişafı yolunda mühüm addımlar atıla bilər. Çünki Brüssel formatına, eləcə də Moskva və Vaşinqton formatlarına əngəl törətməyə çalışan Emmanuel Makronun başı artıq ölkə daxili işlərə qarışıb. Ona görə düşünürəm ki, artıq Makron amili getdikcə zəifləyəcək. 
Paşinyan da anlamağa başlayır ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, tədricən də olsa bu istiqamətdə irəli getməlidir. Çünki bu daha çox İrəvanın özünə lazımdır. Qarabağ erməniləri də çıxış yolu tapa bilməyəcəyini anlamağa başlayıblar. Qarabağ ermənilərilə bağlı suyu Rusiya bulandırır. Ancaq onlar da görür ki, Azərbaycan Ordusu hətta Rusiya sülhməramlılarına aid avtomobilləri nəzarətdən keçirirsə, deməli, Bakı prosesdə zarafat etmir. Öz suveren hüquqlarını təmin etməklə həm də ölkənin təhlükəsizliyini qoruyur. Odur ki, düşünürəm prosesdə tədricən də olsa tərpəniş olacaq. Yaxın zamanlarda sülh sazişinin imzalanmasına daha yaxın olacağıq”. 
Qeyd edək ki, iyulun 6-da hökumətin iclasında N. Paşinyan Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyinin anonsunu verib. O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının  Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək. 
Rüfət Sultan