Qarabağ separatçılarının lideri Araik Arutunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə üz tutub. "Bizi xilas edin” səpgili açıqlama ilə çıxış edən Arutunyan erməni lobbisindən yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun "açılmasına” nail olmaq istiqamətində səylərini artırmağa səsləyib.
Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff isə "Facebook" səhifəsində "Ağ Evin Arsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. Nəzərə alsaq ki, erməni lobbisi bir sıra ölkələrin hökumətlərinə təzyiq imkanına malikdir, maraqlıdır, terrorçu-separatçıların sonuncu ümid yeri olan erməni lobbisi onların imdadına yetə biləcəkmi?
Qaynarinfo-ya danışan siyasi şərhçi Arif Əliyev hesab edir ki, bunlar sadəcə təbliğat effektinə malik addımlardır.
A.Əliyev vurğulayıb ki, Dağlıq Qarabağda erməni icmasının liderləri xilas yolu axtarmaq üçün indi bütün variantlara əl atırlar. "Ancaq bunlar açıq-aşkar daha çox zahiri effekt daşıyır. Çünki az-çox yeni siyasi qüvvələrə aşkardır ki, Araik Arutunyanın çağırışı ilə erməni diasporası dünyanı tərsinə çevirməyəcək. Onun çağırışı əslində elə dünyanı tərsinə çevirmək niyyətidir. İnanmıram ki, daha böyük maraqları olan dövlətlərə erməni diasporası təsir eləsin və onlar böyük siyasi qərarları dəyişsinlər”,- deyə ekspert qeyd edib.
Şərhçinin sözlərinə görə, erməni siyasətçiləri gələn selin qarşısını almaqda acizdirlər:
”Odur ki, bunu daha çox təbliğat effektinə malik addım kimi qiymətləndirirəm. Erməni diasporası indiyə qədər də əlindən gələni edirdi və hətta "arabanı atdan qabağa” salmışdılar. Bir müddət buna görə Ermənistan yerli hökumətinin diaspora ilə arasında ciddi problemlər yaşanmışdı və indi də yaşamaqda davam edir”. A. Əliyev bildirib ki, erməni lobbisinin himayədarlarının Azərbaycana daxil olmasına qadağa qoyulub. "Yəni, onların nəinki proseslərə, dünya dövlətlərinə təsiri böyükdür, heç Ermənistan hökumətinə də ciddi təsir etmək imkanına malik deyillər",- deyə A. Əliyev vurğulayıb.
Röya Kərimli