"Sertifikasiya imtahanının nəticələri gündəmi zəbt edib. İki ildən artıqdır ki, bu məsələlər ciddi müzakirə olunur. Təəssüflər olsun ki, Azərbaycanda ümumtəhsil məktəblərində hələ də 10 mindən artıq saxta diplom gəzdirən müəllimlər var”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli təkrar sertifikasiya imtahanının nəticələrindən danışarkən deyib.
Ekspert nümunəvi diplomu olan müəllimlərin hansı yaş qrupunda olması ilə bağlı statistikanın hələ açıqlanmadığını vurğulayıb:
"Amma nəzərə alsaq ki, bu gün sertifikasiyadan kəsilən və suallara cavab verə bilməyənlərin əksəriyyəti ibtidai sinif müəllimləridir. Bu nəticələri göstərənlərin əksəriyyəti sovet dövründə populyar olan pedaqoji fakultələrin məzunlarıdır”.
Məzahir Məmmədli hesab edir ki, bütün hallarda bunları ictimaiyyət bilməlidir:
"Düzdür, baxırsan ki, bunu yaxşı qarşılamayanların sayı daha çoxdur. Onlar istəyir problem ictimailəşməsin, sosial şəbəkələrdə müzakirə olunmasın, xüsusi ilə rəsmilər məsələyə münasibət bildirməsinlər. Ona görə ki, burada söhbət müəllim nifuzundan gedir. Biz nə qədər ki, bunları ört-basdır etməyə çalışacağıq, gizlədəcəyik, gələcək nəsili bir o qədər savadlıq yetişdirə bilməyəcəyik".
Ekspert qeyd edib ki, bu gün şagirdlərin müəllimlərindən sitatlar gətirməməsi təəssüf doğurur:
"İbtidai sinif şagirdləri artıq müəllimlərini valideynlərindən savadlı hesab edir, ondan sitatlar gətirir. Amma təəssüflər olsun ki, bizim bazamız çox bərbad vəziyyətdədir. İbtidai sinif müəllimləri elementar suallara cavab verə bilməyiblər. Bu baxımdan düşünürəm ki, müəllimlərin, xüsusi ilə də ibtidai sinif müəllimlərinin savadının artırılmasş istiqamətində işlər çox sərt qurulmalıdır. Başa düşürəm, hərə bir ailə üçün pul qazanır, yaxşı olar ki, onları da Elm və Təhsil Nazirliyi başqa işlərə cəlb etsin. Kitabxanalar, uşaq birliyi rəhbərləri, təşkilatçılar var, yəni pedaqoji sahədən ayrılmasınlar. Çünki onların çox illik təcrübələri var. Bundan əlavə, onların psixoloji durumunu da nəzərə alaq, artıq bəziləri depresiyaya düşüb. Müəllim kimi qəbul olunan adam bu gündən sonra cəmiyyətə başqa cür təqdim olunacaq. İşini bilməyən, savadsız və s. bütün bunlar müəllimləri pis vəziyyətə salıb".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təkrar sertifikasiyada iştirak edən müəllimlərin imtahan nəticələrini açıqlanıb. Sertifikasiyada 3424 ibtidai sinif müəllimi, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi müvafiq keçid balını, yəni 30 bal toplaya bilməyib.
Bahar Rüstəmli