
İtaliyanın "East Journal” (eastjournal.net) on-layn nəşri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə eksklüziv müsahibə dərs edib. Müsahibənin azərbaycanlı oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq, onu Azərbaycan dilində təqdim edirik.
- Hörmətli Dr. Mollazadə, öncə müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm və sizin ölkəniz haqqında sualla başlamaq istərdim. İtaliyalıların Azərbaycan haqqında çox informasiyaya malik olmamasını nəzərə alaraq, sizdən oxucularımız üçün ölkəniz haqqında ümumi məlumat verməyinizi xahiş edirəm. Mümkünsə, ölkənizi xarakterizə edən məlumatları və ölkənizin gələcəkdə Avropa ilə əlaqələrdəki rolu haqqında fikrinizi bölüşün.
- Azərbaycan Şərqin ilk demokratik respublikasını, ilk dünyəvi dövlətini, çoxpartiyalı parlamentini yaratmış, İslam və türk dünyasının tarixi lideridir. Hələ 1918-ci ildə, ABŞ və hətta bir sıra Avropa ölkələrindən daha əvvəl Azərbaycan qadınlara seçki hüququ vermişdi. Azərbaycan öz mədəni dəyərlərini hər zaman Avropanın mədəni dəyərləri ilə sintez etməyi bacarmışdı. Buna görə də İslam dünyasında ilk simfonik orkestr, opera, balet, caz musiqisi məhz Azərbaycanda yaranmışdı. İlk dəfə olaraq kinemotoqrafiyada qadının iştirakını təmin etmişdi. İslam dünyasında ilk qadın müəllim də Azərbaycanda olmuşdu. Azərbaycanın öz dəyərləri ilə Avropaya yaxınlaşmasına səbəb olan ciddi bir amil var idi. 20-ci əsrin 30-cu illərinə qədər Azərbaycan dünyada emal olunan neftin 60 faizini hasil edirdi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində məhz bu neft amili gənc azərbaycanlılara imkan yaratdı ki, onlar Avropanın, Rusiyanın ən yaxşı universitetlərində təhsil alsınlar. Neft gəlirlərinin gənc azərbaycanlıların təhsilinə, inkişafına yönəldilməsinini nəticəsi idi ki, hətta Rusiya imperiyasının Birinci Dövlət Dumasının müsəlman fraksiyasının rəhbəri məhz Peterburq Universitetində oxumuş Əlimərdan bəy Topçubaşov olmuşdu. Bu Azərbaycan xalqının fərqliliyinin, hər zaman təhsilə, dünyəvi dəyərlərə önəm verməsinin nəticəsi idi. 20-ci ildə Qızıl Ordu Azərbaycanı işğal edərək Azərbaycanın Avropaya inteqrasiyasının qarşısını alsa da, Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən öz strategiyasının Avroatlantik sistemə inteqrasiya olmasına qərar vermişdi. Bu qərar da indiyə qədər Azərbaycanda konsensus məsələsidir. Fərqli siyasi qüvvələr daxili məsələlərə ayrı cür baxsa da, Azərbaycanın xarici siyasətində əsas strategiya kimi məhz Avroatlantik inteqrasiyanı qəbul edirlər. İndi Azərbaycan əhalisinin böyük hissəsi öz gələcəyini məhz Avropa dəyərlərində, Avropa ailəsinə inteqrasiyada görür.
Azərbaycan müstəqilliyini bərpa edəndən və öz təbii sərvətlərinə sahib olandan sonra dünyanın enerji siyasətində müəyyən rol oynamağa başlayıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində önəmli rola malikdir. Azərbaycan neft ixracı üçün Xəzər dənizindən Aralıq dənizinə qədər müvafiq neft magistralları inşa etməyə nail oldu. Qaz sistemində Azərbaycan boru xəttlərini artıq Türkiyənin nəzdindəki Transanadolu şəbəkəsinə öz maliyyə yatırımı vasitəsilə genişləndirir. Son zamanlar Transadriatik boru xətti ilə İtaliyaya və digər Qərbi Avropa ölkələrinə Azərbaycan qazının çatdırılması üçün yeni bir konsorsium formalaşdırır. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına imkan yaradır.
Azərbaycan tarixən Böyük İpək Yolunun üzərində yerləşib. Bu gün Azərbaycan Şərqlə Qərbi həm nəqliyyat, həm mədəni-iqtisadi əlaqələr, həm informasiya-kommunikasiya magistralı, həm ticarət vasitəsilə birləşdirən bir körpü funksiyasını yerinə yetirir. Azərbaycan Şərqlə Qərb arasında multikultural dəyərlərin müdafiəçisinə çevrilib. Baxmayaraq ki, Avropanın bəzi ölkələri artıq multikulturalizmi bitmiş hesab edir, lakin Azərbaycan daim bu ənənələri özündə yaşadır. Azərbaycanda tarixən yəhudilər, müsəlmanlar, xristianlar bir ailə kimi yaşayıblar. Onların münasibətləri sivil fikir mübadiləsi, qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində mövcud olub. Bu gün Azərbaycan zəngin dini və etnik rəngarəngliyə malikdir. Siz Bakıda kilsənin, məscidin və sinaqoqun yanaşı dayandığına və fəaliyyət göstərdiyinə şahid ola bilər. Azərbaycan müstəqillik əldə edəndən sonra burada yeni sinaqoqlar, pravoslav və ortadoks kilsələr açıldı. Sizə Roma papası İvan Pavelin Bakı səfəri zamanı yeni katolik kilsəsinin açılmasını xatırlada bilərəm. Hazırda bu din ocaqları maneəsiz bir şəkildə fəaliyyət göstərməkdədir. Dinlərin və etnik qrupların əməkdaşlığı Azərbaycan mədəniyyətinin sürətli inkişafına öz töhfəsini verir. Azərbaycan bununla da Şərq və Qərb sivilizasiyalarının dialoqunda çox fəal rol oynayır. Azərbaycanı başqa post-sovet ölkələrindən fərqləndirən əsas cəhətlərdən biri də budur. Siz Azərbaycana gəlsəniz, burada sizə yad adam, qonaq kimi baxmayacaqlar. Sizi çox mehribanlıqla qucaqlayacaq, sizi ən hörmətli yerdə oturdacaqlar. Çox təəssüf ki, hələ Avropada Azərbaycanla bağlı dəqiq məlumatlar yoxdur.
Hazırda Azərbaycanın inkişaf strategiyası daha çox təhsilin inkişafı ilə bağlıdır. Azərbaycan Avropanın Boloniya təhsil sisteminə inteqrasiyanı özü üçün çox mühüm məsələ hesab edir. Azərbaycanın gənclərin Avropa və ABŞ universitetlərində təhsil alması üçün vəsaitlər nəzərdə tutması da bu strategiyanın tərkib hissəsidir.
- Siz Demokratik İslahatlar Partiyasının sədrisiniz. Bizə partiyanızın yaranma tarixi, daxili və xarici siyasətdə əsas hədəfləri haqqında məlumat verə bilərsinizmi?
- Bizim partiya 2005-ci ildə yaradılıb. Partiyanın əsas məqsədi xırda və orta sahibkarların siyasi iradəsini ifadə etməkdən ibarətdir. Partiyanın əsas nüvəsi gənclikdən ibarətdir. Avroatlantik inteqrasiya partiyanın xarici siyasətdə aparıcı xəttidir. Daxildə isə orta təbəqənin güclənməsi, müvafiq demokratik islahatların sürətlə həyata keçirilməsi əsas hədəfimizdir.
- Hazırki prezident İlham Əliyev 2003-cü ildən atasını əvəz edərək hakimiyyətdədir. Onun siyasətinin istiqamətləri haqqında (nailiyyətləri, müvəffəqiyyətsizlikləri və s.) qısa məlumat verə bilərsinizmi?
- 2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndən sonra neft gəlirləri hesabına ölkənin iqtisadiyyatında böyük artım başladı. Ölkənin bir sıra sahələri inkişaf etdi, sosial və iqtisadi imkanları genişləndi. Bu amil də onun siyasi imkanlarının genişlənməsinə gətirib çıxardı.
- Oktyabrda Azərbaycan vətəndaşları yeni prezident seçmək üçün səs verməyə çağırılırlar. Sizin prezident seçkiləri barədə fikirləriniz nədir? Müxalifət partiyalarının şansını necə qiymətləndirirsiniz?
- Son 10 ildə Azərbaycan iqtisadiyyatı elə bir səviyyədə inkişaf etdi ki, Ümumi Daxili Məhsulda 30-35 faizlik artım oldu. Bu o deməkdir ki, indiki iqtidar seçkilərə geniş resurslarla gedir və onun imkanları çox güclüdür. Bununla yanaşı, çox təəssüf ki, müxalifətin seçkilərə müvafiq hazırlıqla, proqramlarla getmək imkanları məhduddur. Onların arasındakı parçalanmalar və daxili mübarizələr müxalifəti zəiflətdi və seçkilərdə onun imkanlarını azaltdı. Çox təəssüf ki, bu gün müxalifətin gücü iqtidarın gücü ilə müqayisə olunacaq səviyyədə deyil.
- Bu ilin avqust ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri bəzi Qərb müşahidəçiləri tərəfindən iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı dərinləşdirmək istiqamətində atılan addım kimi qiymətləndirilsə də, eyni zamanda Avropanın enerji müstəqilliyinə potensial təhdid kimi də qiymətləndirilib. Siz bu haqda nə düşünürsünüz?
- Vladimir Putinin Azərbaycana səfəri ilk növbədə Rusiyanın yenidən Sovet ittifaqını hansısa formada bərpa etmək siyasəti ilə bağlıdır. Rusiya Azərbaycanın Gömrük İttifaqında, Avrasiya Birliyində təmsil olunmasını istəyir. Azərbaycan isə buna müqavimət göstərir və keçmiş SSRİ ölkələri ilə daha çox ikitərəfli münasibətlər saxlamağa üstünlük verir. Putinin səfəri Azərbaycanla yeni enerji müqavilələrinin bağlanması ilə yekunlaşdı. Azərbaycan özünü yeni birliklərə daxil olmaqdan kənarda saxlaya bildi. Lakin bu o demək deyil ki, Rusiya ilə əməkdaşlıq bizim Qərb ölkələri ilə enerji sahəsində əməkdaşlığımıza xələl gətirəcək. Azərbaycan öz enerji strategiyasını bilavasitə Avropa ilə əməkdaşlıqda görür. Azərbaycan Xəzərin enerji daşıyıcılarını həm Qərb, həm də Şərq istiqamətində inşa etdiyi boru xəttləri sistemi ilə Avropa bazarına çıxarmağa çalışır. Bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Azərbaycan digər Xəzər qonşularının da bu layihələr qoşulmasına səy göstərir. Əlbəttə bütün bunlar Rusiyanın xoşuna gəlməyə bilər. Amma Azəbaycan müstəqil dövlətdir və enerji siyasətini daha çox öz maraqlarına uyğunlaşdırmağa çalışır, nəinki qonşularının.
- Qafqaz regionunda digər əhəmiyyətli siyasi hadisə oktyabr ayında Gürcüstanda keçiriləcək prezident seçkiləridir. Siz Mixail Saakaşvilinin yenidən prezident seçilmə şansını necə qiymətləndirirsiniz? Gürcüstanın yaxın gələcəyi barədə nə deyə bilərsiniz?
- Gürcüstanda prezident seçkilərinin əhəmiyyətini böyük qiymətləndirmirik. Gürcüstanın prezidenti Mixael Saakaşvili bu seçkilərdə iştirak etməyəcək və oktyabrdan etibarən onun səlahiyyətləri bitir. Gürcüstanda ötən il keçirilən konstitutsion islahatlar nəticəsində hökumətin əksər səlahiyyətlərinin parlamentə verilməsi ilə prezidentin səlahiyyətləri kifayət qədər azaldıldı. Çox güman ki, qarşıdan gələn seçkilərdə hakim koalisiyanın namızədi qalib gələcək. Yəqin ki, bu Gürcüstanın hazırkı siyasətində hər hansı ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Gürcüstan bu gün digər Cənubi Qafqaz ölkələri kimi münaqişələrin qurbanıdır. Ərazisinin böyük bir hissəsi işğal altındadır və bu işğal olunmuş ərzailər Rusiya tərəfindən müstəqil dövlətlər kimi tanınıb. Bu da Rusiya-Gürcüstan münasibətlərində hansısa ciddi dəyişikliklərin olacağına ümid yaratmır. Azərbaycan-Gürcüstan münasibətləri isə yüksək səviyyədədir. Azərbaycan Gürcüstana çox böyük yatırımlar qoyub. Azərbaycan Gürcüstan və Ukrayna üçün çox mühüm dövlət olduğuna görə həm GUAM çərçivəsində, həm də Avropa Birliyinin Şərq tərəfdaşlığı layihəsi çərçivəsində ölkələrimiz arasındakı münasibətlər daha da inkişaf edib. Biz əminik ki, bu münasibətlər hər iki ölkənin Avroatlantik inteqrasiyası üçün mühüm amilə çevrilir. Bu ölkələr öz gələcəklərini Avropa ailəsində gördükləri üçün, onların bütün sahələrdə uğurlu əməkdaşlığı mövcuddur.
- Qafqaz regionunda siyasi vəziyyəti izah etmək üçün adətən "qeyri-sabitlik” kəlməsindən istifadə olunur. Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi dondurulmuş münaqişələrlə üzləşdiyi vaxtda Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən Dağlıq Qarabağ məsələsini həll etməyə çalışır. İlk olaraq soruşmaq istərdim ki, siz bu münaqişələr arasında oxşarlıq görürsünüzmü? Rusiya Federasiyasının bu münaqişələrin həllində oynaya biləcəyi rol haqqında da fikrinizi bilmək istərdim. Başqa sözlə desək, siz Rusiyanın Qafqaz regionunda Kremlin iddia etdiyi kimi, sülhməramlı rolunu oynaya biləcəyinə inanırsınızmı?
- Həm Cənubi Qafqaz bölgəsində, həm də ümumiyyətlə keçmiş SSRİ ərazisində mövcud olan bütün münaqişələri birləşdirən, bir-birinə oxşadan bir amil var. Əgər biz bu münaqişələrin coğrafiyasına baxsaq, bu coğrafiya Rusiya hərbi bazalarının mövcudluğu ilə üst-üstə düşür. Rusiya hərbi bazaları Sovetlərin dağıldığı dövrdən etibarən ənənəvi "böl, münaqişələri yarat və bu prosesləri idarə et” prinsipinə istinad edir. Həm Gürcüstanda mövcud olan Osetiya, Abxaziya münaqişəsində, həm Moldovada mövcud olan Dnestryanı münaqişəsində, həm də Azərbaycanla Ermənistan arasında olan münaqişədə bu prinsip özünü göstərir. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ respublikaları arasında Ermənistan öz müstəqilliyini ən çox itirmiş ölkədir. Ermənistanda yerləşən nəhəng Rusiya hərbi bazası bu məsələdə böyük rol oynayır. Bu bazanın mövcudluğu təbii ki, Rusiyanın Cənubi Qafqazda fəal siyasət aparması üçün imkanlar yaradır. Əslində münaqişələrin mövcuduğu Rusiyanın proseslərə təsir imkanları ilə bağlıdır. Bu münqişələrin həll edilməməsi və beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin münaqəşələrin həllinə təsir göstərməməsi də onu göstərir ki, Rusiya amili bu regionda çox güclüdür. Rusiya münaqişələri həll etmək istəmir, beynəlxalq qüvvələr də ona təsir etmək imkanlarına malik deyil.
- Suriya böhranı Xəzər bölgəsinə və Qafqaz regionuna necə təsir edib? İran və Rusiya ABŞ və Fransanın Dəməşqə hücum edəcəyi təqdirdə Əsəd və Suriya hökümətinə kömək edəcəyini iddia edirlər...
- Suriyadakı hadisələrin bilavasitə Xəzər və Qafqaz bölgəsinə təsir etmək imkanları yoxdur. Baxmayaraq ki, coğrafi nöqteyi-nəzərdən bu bölgələr bir-birinə yaxındır, amma siyasi nöqteyi-nəzərdən böyük fərqlər var. Ona görə də Suriya hadisələrinin Cənubi Qafqaz bölgəsinə təsiri ancaq bu proseslərdə İran və Rusiya hansısa formada fəal rol oynayarsa, dolayısı yolla mümkün ola bilər. Rusiya və İran Cənubi Qafqazda qisasçı mövqedə dayansalar, bu təsir mümkün ola bilər. Amma hazırda Suriyadakı prosesləri Qafqazda təkrarlanması perspektivi görünmür.
QEYD: Müsahibənin orijinalını bu linkdən oxuya bilərsiz
www.eastjournal.net/esclusivo-elezioni-azerbaijan-intervista-ad-asim-mollazade-lalternativa-al-regime/35026