
"Kimsə həqiqəti deyirsə və onu ölkədən buraxmırlarsa, bu, bütün beynəlxalq normaların pozulmasıdır".
1news.az-ın verdiyi xəbərə görə, millət vəkili, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Moldovanın parlament vəkili, ombudsman Aurelia Qriqoriunun Ermənistandan buraxılmaması barədə xəbəri şərh edərkən belə deyib.
Xanım Qriqoriuya süni əngəllər yaradaraq, onu təyyarə reysinə buraxmırlar. Eyni zamanda erməni tərəfi ombudsmanı hədələməkdə davam edir.
Azərbaycan Milli Məslisinin üzvü bu məsələ ilə bağlı deyib: "Moldova ombudsmanı beynəlxalq konfransda iştirak edib, buna görə də bu cür xəbərə adamın inanmağı gəlmir. Fakt təsdiqlənərsə, bu, Ermənistan tərəfindən dövlət terrorunun açıq təzahürüdür və düşünürəm ki, bütün beynəlxalq qurumlar dərhal məsələyə münasibət bildirəcəklər".
A.Mollazadənin sözlərinə görə, A.Qruqoriu tamamilə doğru bəyanatla çıxış edib: "Onun səsləndirdiyi fikir bir sıra dövlətlərin, parlamentlərin, beynəlxalq qurumların qətnamələrində əksini tapıb. Düşünürəm ki, bu açıqlamalar erməni tərəfi üçün yeni olmamalı idi".
Moldova ombudsmanının çıxışına erməni tərəfinin neqativ reaksiyasına və hədələrinə gəlincə, millət vəkilinin fikrincə, qonşularımız növbəti dəfə özlərinin əsl simalarını göstəriblər.
Xatırladaq ki, iyulun 4-də Moldovanın parlament vəkili, ombudsman Aurelia Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin "Qanunun aliliyi ilə bağlı Avropa standartları və Avropa Şurasına üzv ölkələrdə sərhədlərə baxılması" mövzusunda təşkil etdiyi beynəlxalq konfransda çıxış edib. Çıxışında A.Qriqoriu Ermənistanı Azərbaycan ərazisini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırım törətməkdə ittiham edib.
Qaynar.info