Açıq ürək əməliyyatı keçirən xanəndə Aqil Məlikovu xəstəxanada ziyarət edən sənət adamlarının onunla çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşması narazılığa səbəb olub.
Qaynarinfo xəbər verir ki, vəkil Aslan İsmayılov bununla bağlı paylaşım edərək bu cür davranışları yolverilməz adlandırıb:
"Xüsusilə son vaxtlar xəstəxanalarda can hayında olan tanınmış şəxslərlə fotosessiya edib həmin görüntüləri sosial şəbəkələrdə paylaşmaq qətiyyən yolverilməzdir. Yaşlı, ağır vəziyyətdə olan bir insanın şəklini həmin vəziyyətdə paylaşmaq olarmı? Ölüm ayağında olan insanlarla selfi çəkdirib bunun hesabına tanınmağa, özünə xal qazanmağa çalışmaq doğru deyil. Bu qədər də olmaz".
Aqil Məlikovu xəstəxanada ziyarət edərkən onunla çəkdirdiyi şəkli paylaşanlardan biri də Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasovdur. O, Qaynarinfo-ya açıqlamasında Aslan İsmayılovun fikirlərinə münasibət bildirib.
"Biz bu şəkilləri səbəbsiz yerə paylaşmırıq. Bunun müəyyən səbəbləri var. Fotoları ona görə paylaşırıq ki, Aqil Məlikovun müalicə xərclərini ödəməyə imkanı yoxdur və insanlar ona dəstək olsunlar. Hamımız ona kömək etməliyik. Aqil Məlikov vəkil deyil ki, bir məhkəmə işindən 500, 1000 və ya 5000 manat qazansın. Aslan İsmayılova böyük hörmətimiz var. Hamımız onu sevən insanlarıq", deyə xanəndə vurğulayıb.
Qəzənfər Abbasov hesab edir ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar:
"Sizin buna niyə etiraz etməyinizə ehtiyac var? Əgər qəzəblənirsinizsə, gəlin xəstəxanaya, Aqil Məlikovun bütün müalicə xərclərini öz üzərinizə götürün".
Bahar Rüstəmli
Şərhlər