Azərbaycan əsilli yəhudi milyarder Rusiya paytaxtında, Xarici Kəşfiyyat Xidmətinin qonşuluğunda yeni nəhəng ticarət mərkəzi tikməyə hazırlaşır
Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun sahibi olduğu “AST” şirkətlər qrupu Moskvada 36 hektar torpaq sahəsi alıb. Virtualaz.org İsrail qaynaqlarına istinadən xəbər verir ki, torpaq sahəsi Moskvanın Lenin vilayətində, Moskva Dairəvi Avtomobil Yolunun kənarında yerləşir. T.İsmayılovun bu ərazidə nəhəng ticarət mərkəzi tikməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, T.İsmayılovun Moskvadakı nəhəng “Çerkizovsk” bazarı bir neçə il əvvəl prezident Vladimir Putinin göstərişi ilə sökülmüş və biznesmenə qarşı cinayət işi qaldırılmışdı. Lakin T.İsmayılov sonra Kremllə anlaşa bildi və yenidən Rusiyaya qayıdıb biznesini genişləndirməyə başladı.
Xəbərdə deyilir ki, T.İsmayılovun aldığı torpaq sahəsi Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mənzil-qərargahı (SVR) ilə qonşudur. Ərazinin yaxınlığında “Meqa Teplıy Stan” ticarət mərkəzi də yerləşir. Bu cür məxfi kəşfiyyat xidmətinin yaxınlığında yəhudi milyarderə ticarət mərkəzi tikmək üçün 36 hektar torpağın necə ayrıldığı qaranlıq qalır.
“Geo Development” rieltor firmasının baş direktoru Maksim Leşev bildirib ki, sövdələşmə bir ay əvvəl əldə edilib, satılan torpaq sahəsi isə bir neçə mülkiyyətçiyə məxsus olub. Bunlardan biri “Masştab” şirkətidir. Bu şirkət T.İsmayılova 14 hektar torpaq satıb. Moskvadakı iri investisiya şirkətinin top-meneceri isə adının açıqlanmaması şərti ilə bildirib ki, T.İsmayılov bu şirkətdən torpağı çox ucuz alıb - cəmi 60 milyon dollara.
“AST” şirkətlər qrupu sövdələşməni şərh etmək istəməyib. “Masştab” şirkətinin baş direktoru Mixail Malikov isə torpaq satışını təsdiqləyib. Ekspertlər hesab edir ki, T.İsmayılov ərazidə “Çerkizovsk” bazarı miqyasında ticarət mərkəzi tikəcək. Lakin “Geo Development” rieltor firmasının baş direktoru Maksim Leşev hesab edir ki, SVR biznesmenə “onun burnunun ucunda” ticarət mərkəzi tikməyə imkan verməz.