"İyulun 22-də iki mötəbər təşkilatdan – Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqından (Aİ) Bakıya və İrəvana telefon zəngləri edilib. Nyu-York və Brüsseldən eyni gündə edilən iki telefon zəngi BMT və Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərdən narahatlığını göstərdi. BMT-nin baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefon danışığında qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırış etdi".
Bunu "MediaPost"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, burada yeni heç nə yoxdur, hamısı təkrarlanan fikirlərdir. Politoloq bildirib ki, BMT baş katibi telefon danışığında bir kəlmə də rəhbərlik etdiyi strukturun münaqişənin həlli ilə bağlı 4 qətnaməsinin reallaşdırılmasının vacibliyindən söz açmayıb:
"Antonio Quterreşdən əvvəlki BMT baş katibləri də 4 qətnamə barədə danışmırdılar. Ona görə də həmin qətnamələri Prezident İlham Əliyev BMT baş katibinə xatırladıb: "Ermənistan 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur”.
BMT baş katibinin Azərbaycan Prezidentinin bu sözlərinə reaksiya verməməsi onu göstərir ki, bu qurumun bölgədəki vəziyyətin gərginləşməsinə görə narahatlığına baxmayaraq, onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq istəmirlər”.
Politoloq vurğulayıb ki, elə həmin gün Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell də Bakıya və İrəvana zəng edib:
"Əgər BMT baş katibi Azərbaycan və Ermənistan liderlərinə ayrı-ayrılıqda zəng etdisə, Avropa İttifaqının ali nümayəndəsi iki ölkənin xarici işlər nazirləri arasında üçtərəfli şəkildə telefon danışığı apardı. Cozef Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkindirməyə çalışarkən belə bir fikir də söylədi - "Xüsusən, bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıram”.
Bölgədə bütün "kritik infrastruktur layihələri” Azərbaycanla əlaqəlidir, Ermənistan heç bir regional layihədə iştirak etmir. Ona görə də Cozef Borrell ümumi danışsa da, əslində Azərbaycan ərazisindəki infrastrukturu nəzərdə tutub. Bir neçə aydan sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya nəql olunacaq. Brüssel Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdən keçən bu boru xəttinin təhlükəsizliyini diqqət mərkəzində saxlayır. Sərhəddəki döyüşlər isə boru xəttinə təhlükə yaradır. Brüsselin boru xəttinin təhlükəsizliyinin təminatı üçün Azərbaycanın işğal altındakı torpaqlarına baxışını dəyişdirməsi vacibdir. Ermənistanın işğal siyasəti davam etdikcə, bölgədə müharibə riski azalmayacaq. Azərbaycan cəmiyyəti müharibə tələb edir, Prezident İlham Əliyev də müharibənin qaçılmaz olduğuna işarə vurur”.
Politoloq qeyd edib ki, bölgədəki infrastruktur layihələrinin təhlükəsizliyi Azərbaycanı Avropadan az narahat etmir. Ancaq Azərbaycan üçün bu layihələrin təhlükəsizliyi torpaqların işğaldan azad olunması vacibliyini əngəlləyə bilməz: "Əlbəttə, Azərbaycanın inkişafını gözü götürməyən, qəbul edə bilməyən bəlli mərkəzlər ölkəmizin Avropaya satacağı qaz hesabına varlanmasını, güclənməsini istəmirlər. Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatın arxasında Azərbaycanın regional layihələrinin hədəf seçilməsi dəst-xətti görünürdü. Bunu Brüsseldə də anladıqlarına görə, Avropa İttifaqının ali nümayəndəsi Bakı və İrəvanla telefon danışığında "kritik infrastruktur” layihələrinə eyham vurdu. Brüssel haqqında danışdığı layihələrin təhlükəsizliyi haqqında ciddi düşünürsə, münaqişənin mərhələli həllinə dəstək verməlidir. Bu həll planına dəstək olmayınca, Brüsselin tərəflərə balanslı çağırışlarının heç bir əhəmiyyəti olmayacaq".