"Bu həftə Avropa Birliyinin məsul strukturları qısa müddətdə Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün tədbirlər planını açıqlayacaq”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib.
"Ən son statistikaya görə, Avropa qitəsinin illik xam neft idxalı 770 milyon tondur ki, bunun da təxminən 18%-i (140 mln. ton) Rusiyanın payına düşür. Qitənin təbii qaz istehlakı isə 500 mlrd. kubmetr ətrafındadır ki, Rusiyadan asılılıq 35% və ya 160 mlrd. kubmetr ətrafındadır”.
Ekspert düşünür ki, Avropa müəyyən digər variantlardan istifadə etməklə neft sahəsi üzrə Rusiyadan asılılığı kompensasiya etmək gücündədir:
"Qərb koalisiyasının Venesuela və İranın bazara qaytarılması variantlarını nəzərdən keçirməsi, Kanadının illik istehsalı 50 mln. tona qədər artırmaq imkanın olması barədə açıqlaması onu göstərir ki, Rusiya neftindən imtina üçün imkanlar real görünür. Hətta rusiyalı ekspertlərin öz hesablamalarına görə, ABŞ-ın şist neft istehsalını gündəlik 1,5 mln. barrel artırmaq potensialı da nəzərə alınsa, yaxın 6-8 ayda yuxarıda qeyd olunan bütün mənbələr də nəzərə alınmaqla, dünya bazarına əlavə olaraq gündəlik 5 mln. barrel neft çıxarmaq mümkündür. Bu isə Rusiyanın dünya bazarından sıxışdırılması ilə Avropanın neftə olan ehtiyacını kompensasiya etməyə yetərlidir”.
Qaz məsələsində isə R. Ağayev o qədər də optimist deyil. Onun fikrincə, qaza məsələsində vəziyyət fərqlidir:
"Ən optimist ekspertlər Rusiyanın qaz asılılığına son vermək üçün Avropaya minimum 3 il tələb oldunduğunu düşünürlər.
Martın 3-də Beynəlxalq Energetika Agentiyinin bu istiqamətdə hesablaması və tədbirlər planı yayılıb. "10 addım" adlı sənəddə yaxın 1 ildə Avropa Birliyi ölkələrinin Rusiyadan qaz idxalını 155 mlrd. kubmetrdən 100 mlrd. kubmetrə qədər azaltmaq üçün qeyd edilən 10 addımın atılmasına ehtiyac olduğu qeyd edilir.
Bu addımlardan bəziləri daha vacibdir. 1) Rusiyadan kənar müqavilələrlə (əsasən LNG hesabına) ən azı 30 mlrd. kub metr cəlb etmək üçün mənbə var; 2) İstismara verilməsi planan günəş və külək stansiyalarının işə salınmasını maksimum sürətləndirməklə 6 mırd. kubmetr qaza qənaəti təmin etmək olar; 3) Bionenerji və atom stansiyalarının istifadə gücünü artırmaqla 13 mlrd. kubmetr qaza qənaət mümkündür; 4) İstehlalkçılara mənzillərini isitmə zamanı uyğunlaşdıqları maksimum tempraturdan nisbətən aşağı tempratura keçmələri təşviq edilməlidir. Bunun hesabına ən azı 10 mlrd. kub qənaəti təmin etmək olar: 5) Binalarda və sənayedə enerji səmərəliliyini artırmaqla qısa zamanda 2 mlrd. kub qaza qənaət mümkündür 6) Həssas əhali qruplarının yüksək enerji qiymətlərindən müdafiəsi üçün enerji sisteminə vergi güzəştləri verilməlidir”.
Ekspert bu təkliflərin maraqlı və real olduğunu düşünür:
"Rusiyadan kənar qaz idxalı ilə bağlı son 2 ayda real addımlar artıq görünür. Uzun fasilədən sonra ABŞ Avropa Birliynə qaz ixracında Rusiyanı qabaqlamağa başlayıb. Məsələn, yanvarda ABŞ-ın ixracı 10.5 mlrd. kub, Rusiyanın ixracı isə 7,2 mlrd. kub təşkil edib. 2021-ci ildə də AB ABŞ-dan ən yüksək həcmdə (22 mlrd. kub) qaz idxal edib”.
Rüfət Sultan