Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin noyabrın 22-də Vyana şəhərində keçirilmiş iclasında bir sıra ümumavropa əhəmiyyətli məsələlərin müzakirəsi ilə yanaşı oktyabr ayında quruma üzv 2 dövlətdə baş tutmuş prezident seçkiləri ilə bağlı da ətraflı fikir mübadiləsi aparılıb.
AzərTAc-ın məlumatına görə, Azərbaycanda oktyabrın 9-da, Gürcüstanda oktyabrın 27-də keçirilmiş seçkilərlə əlaqədar Avropa Şurasının seçki missiyalarının mövqeyini əks etdirən hesabatlar ətraflı müzakirələrdən sonra təsdiq edilib.
Azərbaycandakı prezident seçkiləri ilə bağlı Böyük Britaniyadan olan deputat Robert Volterin hazırladığı məruzənin yekun mətninin ayrı-ayrı müddəaları bir çox deputatlar tərəfindən geniş təhlil edilib. Çıxış edən deputatların böyük əksəriyyəti Azərbaycandakı seçkilərin Avropa Şurasının tələblərinə və beynəlxalq meyarlara cavab verdiyini, məruzədə həm seçki öncəsi mühitin, həm də seçki əsnasındakı təfərrüatların dəqiq əks etdirildiyini vurğulayıblar. Lakin Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilən A.Herkel, A.Qross kimi bəzi deputatların iradları da səslənib və onlara dərhal tutarlı cavablar verilib.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə missiyasının üzvü kimi Bakıda olduğunu, gedişatı bilavasitə izlədiyini və nəticələri yüksək qiymətləndirdiyini söyləyib. O, Robert Volterin həm seçkidən sonrakı bəyanatını, həm də hazırladığı hesabatı tam dəstəklədiyini qeyd edib.
AŞPA-nın Azərbaycan üzrə digər həmməruzəçisi Jozef Debono Qrex Azərbaycanın demokratik irəliləyişdəki müvəffəqiyyətlərinə diqqət yönəldib.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışış ediblər.
Müzakirələrə yekun vuran və sualları cavablandıran məruzəçi Robert Volter bir daha Azərbaycanda demokratik dəyərlərin bərqərar olması yolunda ölkə rəhbərliyinin genişmiqyaslı iş apardığını və bu seçkilərin də Azərbaycan xalqının iradəsinin dolğun ifadəsi olduğunu təsdiq edib.
Daimi Komitənin AŞPA sədri Jan Klod Minyonun sədrliyi ilə keçən iclasında Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar məruzənin yekun mətni müsbət qiymətləndirərək qəbul edib.