İsveçrə ABŞ istehsalı olan "Patriot” zenit-raket sistemlərinin sifarişini ləğv etmək imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, "Reuters"in yazdığına görə, ölkə hökuməti ABŞ-dan raket sistemlərinin çatdırılma tarixləri dəqiq müəyyən olunana qədər ödənişləri dayandırmaqda davam edəcək.
İsveçrənin müdafiə naziri Martin Pfister bildirib ki, ölkə hələ də sistemi almağı planlaşdırır, lakin digər variantlar da istisna edilmir. Müdafiə Nazirliyi "Patriot” sisteminin alınması ilə bağlı növbəti addımlar barədə iyun ayının sonuna qədər məlumat verməyi planlaşdırır.
"Hazırda biz ABŞ-la bütün mümkün variantlar üzrə danışıqlar aparırıq, o cümlədən müqavilənin mümkün ləğvi də daxil olmaqla”, deyə o bildirib.
Hökumət həmçinin bildirib ki, F-35A qırıcı təyyarəsi sifarişi ilə bağlı ödənişi 2026-cı ilin mart ayının sonuna qədər təxirə salıb ki, bu alış qərarı "Patriot” sistemləri ilə bağlı vəziyyət səbəbindən təhlükəyə düşməsin.
Bundan əlavə, Polşada da "Patriot” zenit-raket kompleksləri ilə bağlı narahatlıqlar yaranıb, xüsusilə ABŞ-dan onlara raketlərin tədarükü məsələləri fonunda. Buna görə də ölkə hava hücumundan müdafiə sistemini gücləndirmək üçün Avropa istehsalı olan SAMP/T sistemlərinin alınması imkanını araşdırır.
"Defense Express"in yazdığına görə, bu barədə StrefaObrone jurnalisti David Kamizela məlumat verib. O bildirib ki, bu barədə bir neçə həftə əvvəl qeyri-rəsmi mənbələrdən eşidib: "Biz "Danimarka yolunu" nəzərdən keçiririk, yəni SAMP-T NG sistemlərinin alınması imkanını öyrənirik ki, "Patriot"larımızı tamamlasın".
Analitiklər qeyd edirlər ki, bu hələlik yalnız şayiə kimi görünsə də, belə bir inkişaf ehtimalı var. Xüsusilə ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin tədarükünü siyasi qərarlara təsir vasitəsi kimi istifadə edə biləcəyi nəzərə alınarsa. Bu, həmçinin SAMP/T NG alan digər ölkələr üçün də müsbət təsir yarada bilər, çünki istehsal həcmlərinin artırılmasına imkan verər.
Eyni zamanda Polşa artıq SAFE adlı Avropa müdafiə kreditlərinin həcmlərini razılaşdırıb. Buna görə də SAMP/T NG-nin potensial alınması ya ölkənin öz vəsaiti hesabına, ya da başqa maliyyə mənbələri ilə həyata keçirilməlidir. Bu isə hava hücumundan müdafiə sistemlərinin diversifikasiyası üçün əlavə maneə ola bilər, analitiklər bildirirlər.
Aydın
Şərhlər