Xəbər lenti

Avropanın Qırmızı Xətti və Real Yol
Siyasət21:34 11.01.2014

Avropanın Qırmızı Xətti və Real Yol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azər QASIMLI

REAL İdarə Heyətinin üzvü 

Bu gün Azərbaycan hakimiyyətini dəyişmək asan deyil. Seçkilərə gələn yoxdur, mitinqlərə qatılanların sayı olduqca azdır, siyasi proseslərdə iştirak edənlərin sayı da olduqca məhduddur. Bir sözlə, xalq out-dadır, müxalifət isə Əliyev iqtidarını nəinki dəyişə, heç zəiflədə də bilmir. 

90-ların ruh yüksəkliyindən yetərincə yararlana bilməməklə müxalifət əslində bu günkü uğursuzluqlarının, yəni hakimiyyət dəyişikliyinin müşkül məsələyə çevrilməsinin binövrəsini məhz o zaman qoyub. “Xalq hakimiyyəti” və “müstəqillik” ideyalarının cazibəsi və hekayəsi məhz o dövrdə puç olub. Siyasətə etinasız münasibətin nəticəsi olaraq 90-cı illərdə xalq hərəkatından çıxmış siyasi qüvvələrin xalqdan qopması bu gün artıq gerçəklikdir.

1993-də Sürət Hüseynov kiçik bir “qoşunu"yla Bakıya doğru yürümək istəyəndə Elçibəy hökuməti nədənsə xalqa müraciət edib onu meydana səsləmədi. Axı bunu etməklə və 10 minlərlə vətəndaşı meydana gətirməklə həm Sürət Hüseynov kimilərinə, həm də xaricdə olanlara xalqın məhz hakimiyyətin yanında olduğunu göstərə bilərdilər. 

1998-də müxalifətin əsas hissəsi prezident seçkilərindən imtina edərək boykotu seçdi. Halbuki bunun əvəzinə seçkilərdə iştirak edib xalqa öz platformalarını və kölgə kabinetlərini açıqlamalıydılar ki, seçicilər onların Heydər Əliyevə və YAP-a real alternativ olduqlarını görsün. Etdikləri boykot da passiv boykot idi. Rayonlara gedib aktiv şəkildə insanları Əliyev rejiminə qarşı mübarizəyə, boykot aksiyalarına çağırmadılar, hakimiyyətə qarşı itaətsizliyə dəvət etmədilər. 

Hərəkətsiz müxalifətin “X” günü, yəni hərəkət günü Heydər Əliyevin xəstəliyi xəbərilə bərabər gəldi. 2003-də müxalifət Avropa ölkələrinə və ABŞ-a dəvət olundu, danışıqlar apardı. Bu danışıqların və görüşlərin sonunda tərəfdarlarına “Qərb bizi dəstəkləyir” deyildi. Bundan sonra müxalifətin əsas şüuraltı təbliğat mövzusu məhz bu oldu – xaricdən ciddi dəstək nəticəsində İlham Əliyev prezident ola bilməyəcək! Bu dəstək gəlməyəndə də məhz buna görə məğlub olduqlarını əsas arqumentləri kimi istifadə etməyə başladılar. Beləliklə, müxalifətin bundan sonraki fəaliyyətində və ritorikasında xarici faktor amili daha böyük və daha təsirli yerini tutdu.

Bu gün həm müxalifət, həm xalq öz talelərini artıq özlərinə deyil, məhz xaricilərə bağlayır. Rayonlarda da, Bakıda da, adi insanlar da, intellektual kəsim də hesab edir ki, xarici müdaxilə və ya təzyiq olmasa indiki hakimiyyəti dəyişmək mümkün olmayacaq. 

Xarici faktor

Xarici faktor tarixdə hər zaman önəmli olub. Vaxtıyla feodal Avropada da, "Soyuq müharibə" dönəmində də, ümumiyyətlə, həmişə xarici aktorların daxili siyasətə təsiri böyük olub. Günü bu gün də xarici siyasət və beynəlxalq münasibətlər daxili siyasətə yön verən vacib amillərdən birisidir. Lakin ən vacibidirmi?

Neçə illərdir ABŞ İranda molla rejiminə qarşı siyasət yürüdür. İranda müxalifəti dəstəklədikləri vaxt da olub, İran-İraq savaşıyla rejimi imtahana çəkdikləri də olub. Uzunmüddətli iqtisadi sanksiyalar da İrandakı rejimi dəyişə bilməyib. Molla rejimi isə "Soyuq savaş"ı da, SSRİ-nin bölgədə söz sahibi olduğunu da, Türkiyənin Yaxın Şərq bölgəsində “Qərbin uzanan əli” olduğu dönəmi də görüb. 

Yaxın tariximizdən də nümunələr az deyil. Domino effektini yaradan proseslər Yaxın Şərq bölgəsində güc nisbətində heç bir dəyişiklik olmadan baş vermişdi. Daxili dinamika olmasaydı Qərbin müttəfiqləri sayılan Tunis və Misirdə inqilabi dəyişikliklərin olması mümkün deyildi. Hətta Obama administrasiyasının Misirdə cərəyan edən hadisələrlə bağlı ilk qərarı bu hadisələrin yatırılmasına yönəlmişdi. Amma hadisələrin miqyası, prosesdə iştirak edən insan kütləsinin sayı Amerikanın edə biləcəklərindən daha qüclüydü. 

Bu gün beynəlxalq münasibətlərdə xarici müdaxilələrin sayı daha əvvəlki dekadalara görə xeyli azalıb: 1980-1989-cu illər ərzində 10 savaş/müdaxilə (İran-İrak savaşı (1980-1988), Peru ilə Ekvador arasında konflikt (1981), Arqentinayla İngiltərə arasında savaş (1982), İsrailin Livana müdaxiləsi (1982), ABŞ-ın Qrenadaya müdaxiləsi (1983), Mali ilə Burkino-Faso arasında konflikt (1985), Laos-Tailand savaşı (1988), Hisdistanın Maldiv adalarına müdaxiləsi (1988), Mavritaniyayla Sineqal arasında savaş (1989), ABŞ-ın Panamaya müdaxiləsi (1989)); 

1990-1999-cu illər ərzində 6 savaş/müdaxilə (ABŞ-ın Kuveyt-İrak münaqişəsinə müdaxiləsi (1991), Azərbaycan-Ermənistan savaşı (1991-1994), Bosniya müharibəsi (1992-1995), 1-ci və 2-ci Konqoles savaşları (1996-1997, 1998-2002), NATO-nun Yuqaslaviyaya müdaxiləsi (1999), Hindistan-Pakistan savaşı (1999); 

2000-2009-cu illər ərzində isə yalnız 3 savaş/müdaxilə olmuşdu (ABŞ-ın Əfqanistana müdaxiləsi (2001), ABŞ və İngiltərənin İraqa müdaxiləsi (2003), Rusiyanın Gürcüstana müdaxiləsi (2008)). 

BMT insan haqlarını dövlətlərin daxili işi hesab etməsə də, bununla belə o, qeyri demokratik rejimlər tərəfindən insan haqları pozuntularının qarşısını almaq üçün hər hansı təsiredici mexanizmə malik deyil. Təhlükəsizlik Şurasında veto hüququnun mövcudluğu bir tərəfdən hərbi müdaxilələrin qarşısını alır, ancaq digər tərəfdən bu və ya digər ölkədə insan haqları pozuntularının qarşısını almağa imkan vermir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, BMT-nin insan haqları komitəsinə öz ölkəsində vətəndaşlarının hüquqlarını pozan Liviya, Niqeriya, Kuba, İordaniya, Səudiyyə Ərəbistanı, Çin kimi ölkələr daxil ola bilir. 

Günümüzdə beynəlxalq münasibətlərin əsas subyekti olan dövlətlər açıq müdaxilə siyasətindən qaçaraq daha praqmatik siyasət yürütməkdən yanadırlar. Tanınmış Amerikalı politoloq və iqtisadçı Edward Luttwak hesab edir ki, bu gün iqtisadi silah hərbi qüvvələrin yerini əvəz edib və silahlı qüvvələrə istinad etmədən də dünyanı fəth etmək mümkündür. Bir sözlə açıq müdaxiləni böyük ölçüdə iqtisadi sanksiyalar və “cəlbetmə siyasəti” əvəz edib. Beləcə rejim dəyişiklikləri daha çox daxili dinamikalardan asılı vəziyyətə düşüb. 

Avropanın cəlbetmə siyasəti 

Qərb dünyasının akademik çevrələrində uzun illər ərzində “demokratiyaları qorumaq” və ya “demokratiyanı yaymaq” arasında mübahisələr gedirdi. Gəldikləri əsas nəticə də ondan ibarət oldu ki, demokratiyaları qorumaqla dünyanı demokratik etmək mümkün deyil. Ona görə də dünyada demokratiyaları qorumaq üçün ən yaxşı üsul onların yayılmasıdır, başqa sözlə desək demokratiyaların sayının çoxalmasıdır. Hərbi müdaxilələrə baş vurmadan demokratiyanı yaymağın bir yolu ola bilərdi – demokratik layihələrə və institutlara cəlbetməklə rejimlərin mahiyyətini dəyişmək. Azərbaycan kimi ölkələrə münasibətdə Qərb məhz cəlbetmə siyasətini seçib.

Bu gün Qərb ölkələri İlham Əliyevi tənqid etsələr də, 3-cü prezident müddətinə görə Qərbin demokratik institutları gileylənsələr də, yenə də onunla görüşürlər, sazişlər imzalayırlar, bir sözlə onu legitim dövlət başçısı kimi qəbul edirlər. Çünki Azərbaycan AŞ-nın və ATƏT-in üzvü, AB-nin və NATO-nun layihələrində yer alan ölkədir. Bunlar hamısı – cəlbetmə siyasətinin tərkib hissələridir. Bu gün cəlbetmə siyasətinin əsas açar sözü də son illər çox danışılan - avrointeqrassiyadır. Bu gün Avropa assosiativ sazişlər imzalamaqla öz sərhədlərini genişləndirmək istəyir. Bu, yalnız AB-nin marağında olan bir proses deyil. Burada ABŞ-ın və ümumən Qərb dünyasının marağı var. Əsas məqsəd də - demokratiya zolağının genişlənməsidir. 

Əslində, AB Mərkəzi və Şərqi Avropanı, daha sonra Balkan ölkələrini də Birliyə üzv etdikdən sonra genişlənməyi düşünmürdü. Çünki Avropada belə bir fikir vardı ki, yeni üzv olan ölkələri hələ “həzm etmək” lazımdır. Yeni üzv olan ölkələr də AB-yə əslində ciddi problemlər yaradırdı. Amma bu gün AB siyasətçiləri əvvəlki fikirlərini dəyişiblər. Burada məsələ Putin Rusiyasının postsovet məkanında, o cümlədən də elə Avropanın özünə qarşı daha aqressiv siyasət yürütməyə başlaması avropalıları fikirlərini dəyişməyə vadar etdi. Bu gün onlar Rusiya ilə bir növ yeni bufer – humanitar zonaları (koridor) yaratmaqla rus ekspansiyasının qarşısını almaq istəyirlər. 

Avropanın ölkəmizi öz institutlarına cəlb etməsi bizə yalnız xeyir gətirə bilər. Həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi, həm mədəni və hətta kulturoloji baxımdan Azərbaycan üçün bunun əvəzedilməz müsbət tarixi nəticələri olacaq. Lakin…

Azərbaycan “Sərhədsiz Reportyorlar” Müstəqil Beynəlxalq Hüquq Təşkilatı tərəfindən dərc edilmiş 2013-cü ildə mətbuat azadlığı sahəsindəki reytinq cədvəlində 179 ölkə arasında 156-cı yeri tutur (müqayisə üçün Ermənistan 74-cü, Gürcüstan isə 100-cü yerlərdədir) və Freedom House tərəfindən açıqlanmış 2013-cü il üzrə siyasi və vətəndaş azadlıqları xəritəsində azad olmayan ölkə kimi göstərilir. Son prezident seçkiləri isə onu göstərdi ki, Avropanın cəlbetmə siyasəti iflasa uğramaqdadır. Bu gün cəlbetmə siyasəti sonuc etibarilə - yolavermə siyasətinə çevrilib. Yolavermə siyasətindən yararlanan avtoritar rejimlər isə Avropanı öz torlarına salmaqdadırlar. Rusiyadan, Ukraynadan və Azərbaycandan olan dırnaqarası iş adamlarının, məmurların və onlara yaxın çevrələrin Avropada mülk sahibi olmaları, futbol klublarını, iri şirkətlərdə hissə sənədlərini almaları artıq hər kəsin qəbul etməyə məcbur olduğu gerçəklikdir. Rusiya milyarderi, Çukotkanın Qubernatoru Roman Abramoviç İngiltərənin məhşur futbol klubu Çelsini əldə etməsi sanki Avropanın zəbt olunmasının başlanğıc nöqtəsi oldu.

Putinə yaxınlığıyla tanınan Vekselberq və Deripaska kimi rus oliqarxları aktiv şəkildə Avropada daşınmaz əmlak və biznes alırlar. Ən nüfuzlu rus top-menecerləri müntəzəm olaraq Putinlə məsləhətləşmələr aparırlar. Bu məsləhətləşmələrdə söhbət xarici yatırımlar strategiyalarından gedir. Bu yaxınlarda Putinin dostu və şəriki Oleq Deripaska Essendə inşaat konserni Hochtief-də öz payını demək olar ki, 10% artırıb. Daha əvvəl isə o, bu şirkətin Avstriya rəqibi Strabag konsernindən səhmlər əldə edib. Viktor Vekselberq isə Dubrovnikdə yerləşən və otaqların sutkalıq qiyməti 8500 avro olan İsveçrənin Sheherezad adlı elit otelində nə az, nə çox tam altı aylıq müddətə məskunlaşır! Hazırda Vekselberq artıq maşınqayırma konserni OC Oerlikon, Sulzer və Saurer-in majoritar səhmdarıdır, Sürixberqdə ekstravaqant evə sahibdir və İsveçrənin AFR-dəki keçmiş səfiri Tomas Borer-Filinqi şəxsi məsləhətçisi kimi işlədir. Milyarder və KQB-nin keçmiş zabiti Aleksandr Lebedev isə Blue Wings çarter aviaşirkətinin sahiblərindən biri oldu. İri səhmdar kimi tanınan Rüstəm Aksyonenko da Münhenin Escada elit paltar istehsalı ilə məşğul olan konserndə bir neçə ay davam edən qarışıqlığın səbəbkarı oldu. Rusiyanın enerji nəhəngi “Qazprom” da bu işlərdə geri qalmır. Şirkət artıq çoxdandır ki, Almaniya bazarında iştirak edir: BASF-ın törəmə müəssisəsinə, Wintershall şirkətinə, Wingas qaz şirkətinə sahibdir.

Forbes-ə görə ən varlı ukraynalı və Viktor Yanukoviçin dostu Renat Ahmetov Ferrera Valsider (İtaliya) metallurgiya zavodunun sahibidir. Siyasətdə (Regionların Partiyasında) Viktor Yanukoviçdən sonra, biznesdə isə (Donetsk oliqarxları arasında) Rinat Ahmetovdan sonra “ikinci nömrə” hesab olunan Andrey Klyuyev Avstriyanın SLAV Handel şirkətinin sahibidir. Bu şirkət ötən il Avstriya bankı Burgenland-i almaq cəhdi sayəsində məşhurlaşdı. Daha bir ukraynalı Konstantin Jevaqo Avstriyanın Voestalpine Stahl şirkəti ilə illik 3 milyon ton Poltava dağ mədən kombinatı daşının təchizatına dair 10 illik müqavilə imzalayıb. Bu məhsulların daşınmalarının asanlaşdırılması üçün Ferrexpo 28,5 milyon avroya Avstriya nəqliyyat şirkəti Helogistics-a sahib olub. Milyarder Avropada 253 gəmi alıb. Bunlarla Avropa çayları boyunca taxıl və daşlar daşınır.

Keçən il Baghlan Group şirkətinin prezidenti Hafiz Məmmədov Fransanın futbol klubu Lans-a sahib olub. Bu şirkətin ikinci təsisçisi və sahibi Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. 

Azərbaycan jurnalistlərinin araşdırmalarına görə, şeyxin qardaşı və Milli Məclisin deputatı olan Cavanşir Paşazadənin Çexiyada, Baş Nazirin müavini İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda çox bahalı mülkləri aşkar edilib. 

Böyük ehtimal ölkəmizdə korrupsiya sisteminə daxil olan digər şəxslərin də Avropada mülkləri, şirkətlərdə hissə sənədləri var. Əfsuslar olsun ki, bu haqda daha detallı məlumatların əldə edilməsi çox çətindir. Bunun da səbəbi ondadır ki, ölkəmiz hətta Rusiya və Ukraynadan daha qapalıdır. 

Bu nümunələr aysberqin yalnız cüzi görünən tərəfidir. Medianın diqqətindən uzaq qalan minlərlə orta səviyyəli korrupsionerlərin və onlara yaxın çevrələrin imkanları Avropanın ucqar nöqtələrinə qədər yayılıb. 

Göründüyü kimi Avropanın cəlbetmə siyasətindən hələ ki, daha çox yararlanan və faydalanan korrupsioner məmurlar, onların yaxın çevrələri və başda Əliyev rejimi olmaqla ümumilikdə post-sovet məkanının avtoritar rejimləridir. Vilnüs sammitində isə İlham Əliyevi qane edən və əslində rejimə işləyən şəxslərin yararlanacağı viza anlaşması imzalanır… 

Böyük həvəslə cəlbetmə siyasətinə yaşıl işıq yandıran Əliyev rejimi bununla Rusiyanı zərərsizləşdirmək məqsədi qüdür və sonuc etibarilə (ölkənin deyil!) məhz rejimin müstəgilliyini təmin etmiş olur. Digər tərəfdən də onlar özləri üçün qırmızı xətt müəyyən ediblər. Yəni haraya qədər cəlboluna biləcəklərinin xəttini. 

Avropanın qırmızı xətti 

Cəlbetmə siyasətini əvəz edəcək yeganə yol – Azərbaycan rejimini təcrid etmək və ona qarşı sanksiyalar tətbiq etməkdir. Sanksiyalar müxtəlif və çoxşahəli ola bilər. Bu, Azərbaycanın Avropa Şurasındaki mandatının dondurulması, “Maqnitski qanunu” tipli bir qanun layihəsini qəbul etməklə korrupsioner rejimin yaxın çevrəsinin və insan haqlarının pozulmasında bilavasitə iştirak edən şəxslərin Avropaya girişinə qadağa qoyulması, sivil topluma və siyasi təşkilatlara siyasi dəstəyin artırılması, yaxud daha sərt addım kimi - bank köçürmələrinə qarşı sanksiyaların tətbiq edilməsi və nəhayət qaz anlaşmalarından imtina ola bilər. 

Avropanın yürütdüyü siyasət anlaşılandır. Əliyev rejimini təcrid etməkdən çəkinərək cəlbetmə siyasətinə qərar vermiş Avropanın qorxusu Rusiya faktoru ilə bağlıdır. Avropalılar hesab edirlər ki, Əliyevləri təcrid etdikləri zaman onlar Rusiyayla yaxınlaşacaqlar. Bununla da Cənubi Qafqaz tamamilə Rusiyanın nəzarəti altına keçəcək. Üstəlik Avropanın alternativ qaz mənbəyinə ehtiyacı var və Azərbaycanla münasibətlərini o cümlədən də bu kontekstdə qurmağa üstünlük verirlər. Amma bir anlığa düşünək, Azərbaycan öz qazını Avropadan savayı kimə sata bilərdi? 

Azərbaycan qazında Rusiya təbii ki, maraqlıdır. Lakin onun Azərbaycan qazı üçün ödəyəcəyi qiymət çox aşağıdır. Rusiya neçə illərdir türkmən qazını 170-180$ alıb daha baha qiymətə - 350-400$ Avropaya və Ukraynaya satmaqdadır. Azərbaycan qazını Çinə satmaq istəsə belə bunu yenə də Rusiya üzərindən həyata keçirmək məcburiyətindədir. Üstəlik Rusiya da öz saziş öhdəliklərini yerinə yetirən tərəf deyil. Türkmənistana münasibətdə bunun dəfələrlə şahidi olmuşuq! Rəsmi Bakı çox yaxşı anlayır ki, belə olan təqdirdə ölkəyə daha az pul gələcək və hakimiyyəti saxlamaq daha çətin olacaq. Üstəlik rejimin xarici asılılığı artacaq. Digər tərəfdən də Qərbin ehtimal olunan sanksiyaları, müxalifəti dəstəkləməsi də ayrıca baş ağrısına çevriləcək. Bir sözlə bütün bunların və üstəgəl Qarabağ probleminin mövcudluğunun Əliyev rejimi üçün siyasi riskləri olduqca böyükdür. “Şahdəniz-2” sazişindən sonra isə qaz mövzusunu ümumiyyətlə qapatmaq olar. 

Əliyevlər kimi, artıq Avropa da özü üçün qırmızı xətt müəyyən etməlidir. Çünki uzun müddət demokratik dəyərləri planlı şəkildə çeynəyən və hakimiyyətini əbədi etməyə çalışan bir hakimiyyətin Qərbin və xüsusən Avropanın demokratik dünya görüşündə yeri ola bilməz. 3-cü prezident müddətilə Azərbaycan iqtidarı bu xətti keçib artıq. İlkin olaraq Azərbaycanın korrupsioner və insan haqlarını pozan məmurlarına və hakimlərinə qarşı “Maqnitski qanunu”nun tədbiqinə böyük ehtiyac var.

Nə etməli?

Biz xaricdən dəstək gözləməməliyik. Daha əvvəl yazdığım kimi bu gün dünyada rejim dəyişiklikləri böyük ölçüdə daxili dinamikalardan asılıdır. Avropanın və ya ABŞ-ın sanksiyalarını da unutmalıyıq. Çünki hətta sanksiyalar olsa belə daxildən dəstək gəlməsə bunların da əhəmiyyəti olmayacaq. Bizim istinad edə biləcəyimiz yeganə qüvvə biz özümüzük, yəni xalqımızdır. Biz və Xalq ayırmalarına son qoyulmalıdır. Biz xalqdan olduğumuz üçün daima xalqa istinad etməli və xalqın arasında olmalıyıq. 

Xalqçılıq kimlərəsə populistik gələ bilər. Lakin dərindən analiz etdikdə görə bilərik ki, daha əvvəlki müxalifətin tarixi səhvi insanları məhz xarici dəstəyə inandırmağa cəhd etməsindəydi. Buna görə onların tarixi məsuliyyəti böyükdür. 

Ölkədə yeni siyasi vəziyyət yaranıb. Yeni nəsil yetişib. Siyasətə və ictimai işlərə marağı olan və müstəqil düşünən gənclər yetərincədir. Yeni dünya görüşünün və yeni simaların bir güc mərkəzində birləşməsi sosial sifarişin tərkib hissəsidir.

Artıq neçə illərdir yavaş, amma doğru istiqamətdə irəliləyən və bərkiməkdə olan Respublikaçı Alternativ Hərəkatımız var. REAL-ı partiyaya çevirməyin vaxtı yetişib. İndidən təşkilatlanmalı və 2015 Parlament seçkilərinə hazırlaşmalıyıq. Biz cəmiyyətin özünə qırılan inamını bərpa edə bilsək, güvənli tərəfdaş, yetkin və real alternativ olduğumuzu göstərə bilsək demokratik dünya da bizi dəstəkləyəcək. Cəmiyyətimizin proqressiv hissəsini monarxiyanın və korrupsionerlərin partiyasına qarşı Cümhuriyyətçilər Partiyasında birləşdirmək məhz bizim, HƏR BİRİMİZİN üzərinə düşən missiyadır. Tarixi şansımızı əldən verməyək!//cumhuriyyet.info