Dünya 14:25 02.07.2023

"Avropanın Ukraynanı qəbul etməməsi intihar olacaq" - Dmitri Kuleba

"Ukraynanın NATO-ya üzvlüyünə müqavimət göstərən Qərb liderləri başa düşmürlər ki, bu, sülhün yeganə yoludur".

Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Bild”, "Welt” və "Politico” nəşrlərinə müsahibəsində bildirib.

"Birinci səhv odur ki, liderlər bizim NATO üzvlüyümüzü yeni müharibəyə aparan yol kimi görürlər. Əslində bu, sülhə gedən yoldur. Biz NATO-ya üzv olanda Rusiya heç vaxt bizə hücum etməyə cəsarət etməyəcək”, deyə Ukrayna XİN rəhbəri bildirib.

O, həmçinin Ukraynanın Alyansa qoşulmasının lehinə daha bir arqument irəli sürüb ki, Ukrayna ordusu onun şərq cinahında Rusiya təhlükəsinə qarşı müdafiəsini gücləndirmək istəyən dövlətlərə kömək edəcək: "Biz bu yükün bir hissəsini öz üzərinə götürəcəyik".

O vurğulayıb ki, Kiyevdə müharibə davam edərkən Ukraynanın dərhal NATO-ya üzv olması barədə söhbət getmir: "Ancaq müharibədən sonra Avropanın Ukraynanı qəbul etməməsi təbii ki, intihar olacaq. Bu, Rusiyanın Avropa və Avro-Atlantik regiona təcavüzü üçün qapını bağlamağın yeganə yoludur”.

Kuleba alman siyasətçilərini keçmiş kansler Angela Merkelin 2008-ci ildə Buxarestdə Ukraynanın NATO-ya üzvlüyü istiqamətində hər hansı irəliləyişin əleyhinə çıxdığı zaman etdiyi səhvi təkrarlamamağa çağırıb. Onun sözlərinə görə, bu qərar Putinə Gürcüstanı işğal etmək və regionda sabitliyi pozan fəaliyyətini davam etdirmək, sonda Krımı ilhaq etmək üçün qapı açıb. Nazir əmindir ki, Ukrayna 2014-cü ilə qədər NATO-ya qəbul edilsəydi, Krımın ilhaqı, Donbasda müharibə, genişmiqyaslı işğal olmazdı.

Aydın