Sığorta bazarında ilin ilk ayı KASKO seqmentində ziddiyyətli dinamika ilə yadda qalıb. Azərbaycanın sığorta şirkətləri cari ilin yanvarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 5 milyon 452 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz və ya 164 min manat azdır. 2025-ci ilin yanvarında bu göstərici 5 milyon 616 min manat təşkil etmişdi.
Eyni zamanda bu ilin yanvarında ödənişlər artıb - KASKO üzrə 2 milyon 429 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 1,6 faiz və ya 38 min manat çoxdur. Nəticədə zərər əmsalı yüksələrək hər 100 manat yığıma qarşı 44,6 manat ödəniş səviyyəsinə çatıb. Yığımların azalması və ödənişlərin artması fonunda bazarın hansı istiqamətdə hərəkət etdiyi maraq doğurur. Bəs, görəsən, 2,9 faizlik azalma mövsümi dalğalanmadır, yoxsa daha dərin proseslərin ilkin siqnalıdır?
Qaynarinfo mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Sığorta mütəxəssisi Şahin İsmayılovun sözlərinə görə, yanvar ayı üzrə yığımların azalmasına əsas səbəb avtomobil idxalında gözlənilən dəyişiklikdir: "Azərbaycan sığorta sektorunda avtomobillərin KASKO sığortası üzrə yığımlarda xoşagəlməz azalma müşahidə olunur. 2025-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı üzrə yığımlarda 2,9 faiz azalma var. Buna bir neçə amil öz təsirini göstərir. İlkin olaraq, Çindən idxal edilən avtomobillərə tətbiq olunan güzəşt müddətinin bitməsi və bu avtomobillərin qiymətində hiss edilən artım qeyd olunmalıdır. Bu, həm avtomobil idxalının müəyyən qədər azalmasına, həm də KASKO sığorta qiymətinə öz təsirini göstərib".
"Endirim kampaniyaları dayandırılıb"
Ş.İsmayılov bildirdi ki, başqa bir məsələ, keçən il sığorta şirkətlərinin KASKO sığortasına tətbiq etdikləri endirim kampaniyalarının 2026-cı ildən dayandırılmasıdır: "Bu qiymət siyasəti keçən ilki müştərilərin KASKO sığortasını yeniləməkdən imtina etməsinə səbəb olub. Bu da öz növbəsində statistikada özünü aşkar şəkildə göstərir. Vətəndaşlar arasında riskə yanaşma amili də gözlənilən səviyyədə deyil. Bir çox sürücülər KASKO sığortanı "lüks" məhsul kimi görür və yalnız avtomobilin icbari sığortası ilə kifayətlənirlər. Əsasən çox yüksək qiymətə alınan avtomobil sahibləri KASKO sığortasına müraciət edirlər. İnsanların maddi vəziyyətinin də sığorta bazarına təsiri göz önündədir. Bir çox vətəndaşlar könüllü sığorta məhsullarına əlavə xərc kimi baxırlar və əsasən öz gündəlik tələbatlarını ödəməyə fokuslanırlar".
"Yığım azalır, hadisələr artır"
Mütəxəssisin fikrincə, KASKO yığımlarının azalmasına baxmayaraq, hadisə sayı artır: "Belə olduqda sığorta şirkətləri daha böyük məbləğdə ödənişlər etmək məcburiyyəti qarşısında qalırlar. Xərcləri artan sığorta şirkətləri tarifləri artırmaqla bu vəziyyətdən çıxmağa çalışır və nəticə müştəri itirilməsinə gətirib çıxarır. Taksi və kuryer xidmətləri də qəza hadisələrinin sayının artmasına öz təsirini göstərir. Əsasən kuryerlərlə əlaqəli qəza hadisələri hiss ediləcək dərəcədə artmaqdadır".
Ş.İsmayılovun sözlərinə görə, belə davam edərsə, 2026-cı il üçün KASKO sığorta satışında daha böyük azalmalar müşahidə edilə bilər: "Bunun baş verməməsi üçün sığorta şirkətləri təbliğat işini artırmalı və qiymət siyasətinə yenidən baxmalıdırlar. Bazarın daralması həm iqtisadiyyatımız üçün, həm də sığorta şirkətləri üçün yaxşı heç nə vəd etmir".
"Ötən ilki artımın səbəbi..."
Sığorta Agentləri Assosiasiyasının təsisçisi Vüsal Bədəlov da düşünür ki, azalma əsasən gömrükdə baş verən dəyişikliklərlə bağlıdır: "Yanvar ayındakı azalma gömrük xərclərinin artırılması və ölkəyə gətirilən avtomobillərin sayının azalması ilə əlaqələndirilir. Ölkəmizə gətirilən avtomobillərin sayında cari ildə azalma müşahidə olunur. Ötən il Azərbaycana idxal edilən Çin avtomobillərinin sayının artması, eyni zamanda bu avtomobillərin ehtiyat hissələrinin və təmir xərclərinin kifayət qədər baha olması vətəndaşları KASKO sığortası etdirməyə daha çox təşviq etmişdi. Keçən il qeydə alınan artım əsasən bununla bağlı idi".
V.Bədəlovun fikrincə, bir çox şirkətlər müştəri itirməmək üçün tarifləri dəyişiblər, bu isə yığımlara öz təsirini göstərib: "Bununla yanaşı, sığorta bazarında tarif siyasətinin daha fərdi və çevik tətbiq olunması da rol oynayır. Şirkətlər portfellərində daha çox yer tutmaq və KASKO üzrə müraciət edən müştəriləri itirməmək üçün tariflərə daha individual yanaşırlar. Əvvəlki illərlə müqayisədə tarif cədvəllərində müəyyən dəyişikliklər də müşahidə olunur ki, bu da fərqin yaranmasına təsir edir".
"Martdan sonra bazar əvvəlki vəziyyətinə qayıdacaq"
Müsahibimiz gələcək aylarda bu tendensiyanın davam edəcəyini düşünmür: "İnsanlar mart ayından sonra yeni qiymətlərə uyğunlaşacaq, bununla da avtomobil satışı və alışı ilə bağlı aktivlik arta bilər. Beləliklə, azalma davamlı xarakter daşımayacaq. Martdan sonra bazarın əvvəlki vəziyyətinə qayıtması mümkündür. Lakin avtomobil bazarında durğunluq yaranarsa, bu, birbaşa KASKO sığortasına da təsir göstərə bilər".
V.Bədəlovun fikrincə, mövcud dinamika davam edərsə, sığorta yığımlarında azalma davamlı olacaq: "Bunun qarşısını almaq üçün sığorta şirkətləri maarifləndirmə işlərini gücləndirməli, KASKO ilə bağlı xidmət səviyyəsini artırmalı və müştəri inamını möhkəmləndirməlidirlər. Bu halda sığorta yığımlarında artım mümkündür".
Şərhlər