Xəbər lenti

Avtomobillə bağlı artan rüsumlar: Ekspert yeni məbləğləri açıqladı
Ekonomiks07:05 30.12.2021

Avtomobillə bağlı artan rüsumlar: Ekspert yeni məbləğləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xeyli rüsumlar artırılıb. Amma ən ciddi artım fiziki şəxslər tərəfindən minik avtomobillərinin alqı-satqısı zamanı ödənilən rüsumlardır”.
Qaynarinfo xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov "Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklərlərdən danışarkən deyib.
Onun sözlərinə görə, qanun artıq rəsmi təsdiq olunub və 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək:
"Özü də köhnə avtomobillərin alqı-satqı rüsumu daha çox artırılıb. Fiziki şəxslər tərəfindən minik avtomobillərinin alqı-satqı müqaviləsi üzrə DYP-də qeydiyyata aldırılmasına görə hazırda qüvvədə olan rüsum mühərrikin iş həcmi və avtomobilin istehsal tarixi ilə bağlıdır. Köhnə avtomobillər üçün bu rüsum daha azdır (məsələn, istehsal tarixi 10 ildən çox olan minik avtomobilinə görə bu rüsum eyni avtomobilin yenisi üçün rüsumun 30%-i qədərdir). Yanvarın 1-dən isə istehsal tarixindən asılı olmayaraq, rüsum eyni məbləğdə olacaq. Bundan başqa, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının (nömrənin) rüsumu da artdı. Məsələn, indiki rüsumla fiziki şəxs mühərrikinin iş həcmi 4000 kubsantimetr və istehsal ili 2010 olan minik avtomobilini öz adına qeydiyyata aldırarsa, rüsumu belə olacaq: 
Texniki baxış olarsa - 30 manat;
Qeydiyyat şəhadətnaməsi - 25 manat;
Dövlət qeydiyyat nişanları (adi hərf və rəqəmlər) – 22 manat;
Mühərrikə görə qeydiyyat rüsumu – 120 manat.
Cəmi rüsumların məbləği – 197 manat.
Yanvarın 1-dən isə eyni avtomobil üçün yeni rüsumlar belə olacaq:
Texniki baxış olarsa - 30 manat;
Qeydiyyat şəhadətnaməsi - 30 manat;
Dövlət qeydiyyat nişanları (adi hərf və rəqəmlər) – 30 manat;
Mühərrikə görə qeydiyyat rüsumu – 400 manat.
Cəmi rüsumların məbləği – 490 manat”
Ərşad Hüseynov bildirib ki, sürücülük imtahanına və sürücülük vəsiqəsinin verilməsinə görə rüsumlar da artır:
"Avtomobil və motosiklet üçün vəsiqənin verilməsi və dəyişdirilməsi rüsumu 30 manat olacaq (indi 25 manatdır).
Avtomobil və motosiklet, tramvay və trolleybusların idarə olunması hüququ üçün imtahan rüsumu ilk dəfə 40 manat (indi 20 manatdır), təkrar imtahan üçün isə 20 manat (indi 10 manatdır) olacaq. Xeyli sayda digər rüsumlar da artırılıb”.
Bahar