
"Nə olsun ki, Şeyxdir, yanlış mövqedədir, təəssüflər olsun. O, ermənilərin katolikosu ilə də vaxtaşırı görüşür, özünə də bəraət qazandırır ki, guya ermənilərlə çıxış yolu axtarırlar. Bir müddət öncə bir açıqlamada yaymışdı. Açıqlamasında deyirdi, çalışmaq lazımdır ki, bu ərazi və etnik münaqişələr dini münaqişəyə çevrilməsin".
Bunu Qaynar.info-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Allahşükür Paşazadənin ermənilərlə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə Şeyxin ya münaqişənin mahiyyətindən xəbəri yoxdur, ya da təsir altındadır: "Bəlkə də, ona göstəriş veriblər ki, bu cür təbliğat aparmaq lazımdır. Necə yəni etnik, ərazi münaqişəsi? Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir. Bunun adını niyə etnik münaqişə qoyursan? Hansı etnik münaqişədən danışmaq olar? Onun bu məsələyə yanaşması tamamilə yanlışdır. Yəqin ki, ona göstərişi Rusiyanın patriarxı Kirill verir. Deyir, erməni katalikosu ilə görüşür, çıxış yollarını axtarırlar. Hansı çıxış yolunu axtarırsan? Həmin katalikos Azərbaycana qarşı işğalçı siyasətin ideoloqudur. Ötən il biz bununla bağlı bəyanat vermişdik. Şeyxin ətrafındakılar bizə hücum çəkdilər, dedilər ki, Şeyx haqqında belə demək olar? Şeyx olmur, kim olur olsun, əgər hər hansı şəxs Azərbaycanın milli maraqları ilə bağlı yanlış mövqe tutursa, biz ona etiraz edəcəyik. İndi də ermənilərin gəlişini gözləyirlər. Ay Şeyx, mənə deyin görüm, erməni nəyi görəcək? Erməni görür, internetdə hər şey var da. Sən nəyi sübut etməyə çalışırsan? Deməli, bunlar ermənilərin Bakıya gəlməsinə çalışırlar. Ermənilərin gəlişini təmin edənlər erməni siyasətinə xidmət edirlər. Ermənilər də çalışırlar ki, Azərbaycanla əlaqələri olsun. Bu yolla da işğal faktı unutdurulsun".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə son çıxışında deyib ki, ermənilərin Azərbaycana gəlməsinə etiraz etmək lazım deyil: “Qoy, gəlsinlər, inkişafı görsünlər, həqiqəti anlasınlar. Ötən dəfə Ermənistana konfransa getmişdim. Heç bir inkişaf yoxdur, köhnə binalar, sovet maşınları… Əgər onlar bizim torpaqları işğal etməsəydilər, bu əməlləri törətməsəydilər, bu gün Ermənistan da Azərbaycanla bərabər inkişaf edərdi”.