Xəbər lenti

Ayxan Hacızadə Paşinyanın Naxçıvanla bağlı bəyanatına cavab verdi
Siyasət 18:58 04.03.2025

Ayxan Hacızadə Paşinyanın Naxçıvanla bağlı bəyanatına cavab verdi

"30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur".

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin "Armenpress" xəbər agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında deyib.

Qeyd edək ki, Nikol Paşinyan "Armenpress" xəbər agentliyində Ermənistanla Azərbaycan arasında kommunikasiyalara dair məqaləsində Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birtərəfli qaydada hər hansı bir öhdəlik götürmədiyini, Azərbaycandan fərqli olaraq, nəqliyyat-kommunikasiya xətlərini açmağa hazır olduqlarını, kommunikasiyaların açılması ilə bağlı Ermənistanın təkliflərinə Azərbaycanın hələ də cavab vermədiyini, Azərbaycanın bu məsələdən bəhanə kimi istifadə edərək gərginlik yaratmaq məqsədi güddüyünü bildirib.

A.Hacızadə bildirib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib:

"Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır.

Əgər Ermənistan tərəfi, həqiqətən də, bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->