(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış” mövzusu üzrə hazırlanıb)
II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin qarşısında duran ən vacib məsələlərdən biri vətəndaşların işğaldan azad olunmuş ərazilərə qaytarılması, dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpasıdır. Bəs, bununla bağlı hazırlıq işləri hansı səviyyədədir?
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir”.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” layihəsi əsasında təkliflər paketi hazırlanıb. Paketdə vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır. "Böyük qayıdış” proqramı çərçivəsində kiçik sahibkarlığın inkişaf etdirilməsi işğaldan azad olunan ərazilərdə işsizlik problemini birdəfəlik həll edə bilər. Özünüməşğulluq proqramının miqyası və həcmi də kəskin artırılmalıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2022-ci ili xarakterizə edən mühim xususiyyətlərdən biri də işğaldan azad olunan ərazilərimizə böyük qayıdışın başlanmasıdır:
"2023-cü ildə Azərbaycan Respublikasının Dövlət Büdcəsində işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üçün yenidən iri həcmli maliyyə sənədi qəbul edilib. Buna paralel olaraq həm də 2022-2026-cı ilə kimi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”n hazırlanıb və bununla bağlı sərəncam imzalanıb. Təsdiq olunmuş bu proqram da özlüyündə strateji inkişaf proqramı çərçivəsində 2026-cı ilə kimi olan mərhələni təmin edir. 2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilərə həmin rayonların sakinlərinin qaytarılması mərhələli şəkildə baş tutacaq”.
Hikmət Babaoğlu hesab edir ki, bu müharibədən sonra həmin ərazilərdə vətəndaşların məskunlaşması üçün yeni imkanlar yaradacaq:
"Rəqəm 36 minə qədər tutulub. Bu, minumum rəqəmdir və şübhəsiz ki, önümüzdəki mərhələdə daha çox vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşması nəzərdə tutulur. Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, böyük qayıdış kompleks xarakter daşıyır. Yəni, sadəcə vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərimizə qayıtması deyil, həm də onların işlə təmin olunması, mümkün qədər yaşıl enerji vasitələri ilə onların enerji ehtiyaclarının ödənilməsi və müvafiq qaydada mövcud ərazinin iqtisadi resurslarından tam istifadə olunmasının təşkil olunmasıdır”.
Deputatın fikirincə, qarşıdakı illər bu mənada təkcə böyük qayıdış hadisəsi deyil, həm də Azərbaycan iqtisadiyyatının yaşıl enerji üzərində yenidən inkişaf etməsi mərhələsi olacaq:
"Şübhəsiz ki, böyük qayıdışın yolu ilk növbədə kommunukasiyalardan, təhlükəsizlikdən keçir. Ona görə də bu vaxta kimi çirklənmiş ərazilərin minalardan təmizlənməsi mühim vəzifə kimi qarşımızda durur və bu vəzifə yenə də aktualdır. Hər şeydən öncə Azərbaycan dövləti ilk növbədə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Ona görə də bu aktiv mərhələ sürətlə davam etməlidir”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.