Ötən mövsümü "Keşlə"də keçirən Azər Salahlı qış fasiləsindən sonra fərqli formada çıxış edəcək. Futbolçu artıq "Neftçi" ilə müqavilə bağlayıb.
Millimizin üzvü yanvarın 5-dən etibarən startı veriləcək "Neftçi"nin təlim-məşq toplanışlarına qatılacaq. Keçidi ilə bağlı Qaynarinfo-ya danışan Salahlı, sabiq klubu "Keşlə"nin də durumuna toxunub. O, millimizin Millətlər Liqasındakı perspektivi haqda da danışıb.
"Artıq "Neftçi"yə transferimlə bağlı hər şey həll olunub. Yəqin ki, yaxın günlərdə klub bu barədə mətbuata rəsmi açıqlama verəcək".
"Salahlı "Keşlə"dən ayrılması ilə bağlı bunları söyləyib:
"Çoxdan bilirdim ki, "Neftçi" məni istəyir. "Keşlə" ilə ilin sonuna qədər müqaviləm olduğundan bir qədər tərəddüd edirdim. Sonradan iki klub arasında danışıqlar oldu və qərara aldım ki, getməyim məsləhətdir".
Millimizin müdafiəçisi sabiq klubunun mövsümün fasiləyə qədər olan hissəsindəki çıxışı haqda da danışıb:
"Bundan da artıq xal toplaya bilərdik. 14 xal topladıq. Bəzi oyunlarda lazımsız xal itkiləri bizi 14 xalla qalmağa vadar etdi. Normal qiymətləndirirəm. Komandada qeyri-sabit heç nə yox idi. Futbolda belə hallar olur. Bütün oyunlarda qələbə qazansaydıq, ilk üç pillədən birində yerləşərdik. Bəzi oyunlarda qələbə qazanırsan, bəzilərində uduzursan. Qənaətbəxş çıxış etməməyimizin səbəbi deyəndə, elə bir şey də yox idi ki, konkret göstərim. Elə oyun var udurduq, eləsi var heç-heçə edirdik, yaxud uduzurduq. Bunu heç nəyə bağlamıram".
Salahlı sabiq komandasının avrokuboklara vəsiqə qazanmaq perspektivi haqda bunları söyləyib:
"Səhv etmirəmsə, "Keşlə" Avroliqa zonasında olan klublardan 8 xal geridədir. Azərbaycan çempionatı da elədir ki, 8 xallıq fərq heç nədir. 2-3 oyun ardıcıl qələbə qazansan, öndəkilərə çatırsan. Az da olsa şansları var".
"Keşlə"nin qış fasiləsindən sonra Şamaxıya köçəcəyi və bu bölgənin adını daşıyacağı haqda AFFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib. Müdafiəçi bu məsələyə də münasibətini bildirib:
"Komandanın Şamaxıya köçməsini normal qarşılayıram. Bununla komandanın zəifləyəcəyini düşünmürəm. Əksinə, bölgədə gənclərin futbola marağı artar. Büdcə normal olsa, komanda zəifləməz. Məncə, "Keşlə" Şamaxıya köçsə, azarkeş qazanacaq".
Salahlı yığmamızın Millətlər Liqasındakı perspektivini də dəyərləndirib:
"Normal rəqiblərimiz var. Bəllidir ki, Slovakiya digər rəqiblərimizdən bir qədər fərqlidir. Qrupda maksimum nəticə üçün mübarizə aparacağıq. Seçmə mərhələdə Portuqaliya, Serbiya kimi rəqiblərlə oynadıqsa, onlarla da mübarizə aparmaq mümkündür. "Dişimizə" uyğun deyəndə, Slovakiyanın digərlərindən fərqli olduğunu dedim. İnşallah bu il daha yaxşı oyun göstərib, çox xal yığarıq. İlk pillə uğrunda mübarizə aparacağıq. Çətin olacaq, amma mümkünsüz heç nə yoxdur".
Səbuhi Həsənov