"Artıq proseslər Azərbaycan Ordusunun daha iri miqyaslı antiterror əməliyyatı başlamasına doğru gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert Ramil Məmmədli erməni silahlı dəstələrinin son günlər artan təxribatları, atəşkəsi pozması fon unda Azərbaycan Ordusunun antiterror əməliyyatına başlaması ehtimalından danışarkən deyib.
"2020-ci ilin noyabrın 10-dan, yəni müharibə bitəndən sonra Azərbaycan Ordusu bir neçə dəfə antiterror əməliyyatları keçirib. Hadrut və digər istiqamətlərdə keçirilən əməliyyatlar da əslində antiterror məqsədi daşıyıb. İndiki mərhələdə gözləntilər Qarabağ bölgəsində daha iri miqyaslı hərbi əməliyyatların başlanması ilə bağlıdır. Bunun üçün müəyyən siyasi amilləri nəzərə almağa ehtiyac var. Artıq proseslər Ordumuzun daha iri miqyaslı antiterror əməliyyatına başlamasına doğru gedir. Bu prosesin baş tutmaması təbii ki, Ermənistan hakimiyyətinin fəaliyyətindən asılıdır. Amma görünən odur ki, son bir ayda erməni hərbi birləşmələri həm Qarabağ ərazisində, həm də şərti dövlət sərhədində davamlı olaraq atəşkəsi pozur, təxribatlara gedirlər. Düşünürəm ki, qarşıdan gələn dövr ərzində məsələ tam şəkildə aydın olacaq. Hələliksə, antiterror əməliyyatlarının nə zaman olacağı barədə bir şey deyə bilmərik”,- deyə R. Məmmədli qeyd edib.
Ekspert vurğulayıb ki, hər şey Ermənsitanın sülh müqaviləsi istiqamətində atacağı addımdan asılıdır:
"Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina edərək, prosesi uzatmağa çalışsa, Qarabağda baş verən olaylar Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməsinə təkan verə bilər”.
Qeyd edək ki, sülh müqaviləsinin imzalanması istiqmaətində səylərin artması fonunda son dövrlər erməni silahlı dəstələrinin həm sərhəddə, həm də Qarabağ ərazisi tərəfdən atəşkəsi pozması halları da artır. İyunun 11-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. İyunun 13 və 14-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Rüfət Sultan