Ekonomiks 17:31 14.12.2022

Azərbaycan Avropanın qaz bazarında yeni oyunçuya çevrilə bilər - Ekspert

"Görüşdə səsləndirilən fikirlərə əsasən onu deyə bilərik ki, Türkmənistan öz qaz ixracının şaxələndirilməsində maraqlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Türkmənistanda bu ölkənin Prezidentilə Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən Birinci Üçtərəfli Zirvə Görüşü barədə danışarkən deyib:
 

 
"Türkiyə tərəfi isə qeyd edib ki, türkmən qazının Xəzər dənizi vasitəsilə Azərbaycandan keçməklə alışında, həm də onun Avropaya nəqlində maraqlıdır. Bu məsələnin reallaşması isə iqtisadi və kommersiya məsələlərindən asılıdır. Bakı isə Aşqabadla enerji sahəsində əlaqələrin genişləndirilməsi və inkişafında maraqlı olduğunu ifadə edib. Görüşdə həmçinin, Türkiyə ilə Türkmənistan arasında elektrik enerjisinin alqı-satqısı məsələsinə toxunulub. Görünən odur ki, bu 3 ölkə iqtisadi, siyasi sahələrdə bir-birilə əməkdaşlığı genişləndirmək niyyətindədir. 2023-cü ilin fevralında Ankara Qaz Mərkəzinin yaradılması ilə bağlı beynəlxalq toplantı keçirmək istəyir. Bu baxımdan, Türkiyə üçün tək Rusiya və Azərbaycan deyil, daha çox mənbədən gələn qazın öz ölkəsində yer alması çox vacibdir”. 

Qeyd edək ki, dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfərə gəliblər. Burada keçirilən üçtərəfli görüş artıq başa çatıb. 

Rüfət Sultan