"Azərbaycan Brüsseldə gözlədiyini və istədiyini əldə etdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib. Ekspert bildirib ki, Azəraycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət birmənalı şəkildə Brüsseldəki masada öz müsbət nəticəsini verdi:
"Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycanın maraqlarına uyğun olaraq kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiya və demarkasiyası və bu prosesdə qurumun məşvərətçi statusunda yardım etməsi məsələsini gündəmə gətirdi, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasını tövsiyyə etdi. Bəyanatda tərəflər arasında mehriban qonşuluq, əməkdaşlıq məsələləri də əksini tapıb. Burada ümumiyyətlə əvvəlki 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarından da irəli gələn müddəalar əksini tapıb. Eyni zamanda, Aİ Azərbaycanın dilə gətirdiyi məsələlərə də mövqeyini sərgilədi. Bu həm sülh müqaviləsi, həm sərhədlərin delimitasiya və demarkasiyası, həm də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Yəni Ermənistan birmənalı şəkildə Qarabağdan əl çəkməlidir. Bəyanatla Şarl Mişel bir növ onu da təsdiqləyib”.
Ekspert düşünür ki, Brüssel görüşündən sonra Ermənistanın mövqeyi daha da aydınlaşıb:
"Paşinyan yəqin ki, İrəvana qayıtdıqdan sonra sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunu müəyyənləşdirəcək. O cümlədən, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı da işçi qrupu məsələsi də gündəmə gələcək. Digər tərəfdən, Ermənistan öz ərazisindən dəmir yollarının çəkilişinə start verəcək. Bu o deməkdir ki, Paşinyan Zəngəzur dəhlizinin rəsmən açılmasına Avropada razılıq verib”.
Cümşüd Nuriyev qeyd edib ki, sözügedən bəyanat Aİ ilə Azərbaycan arasında əlaqələrdə yeni səhifənin açıldığını gündəmə gətirib:
"Brüssel görüşü Azərbaycan üçün çox uğurlu oldu. Belə ki, Şarl Mişelin görüşlə bağlı verdiyi bəyanat Azərbaycanın haqlı mövqeyinin təsbit olunması anlamına gəlir. Ondan qabaq Beynəlxalq İnsan Haqları Məhkəməsi Ermənistanla bağlı Azərbaycanın irəli sürdüyü müddəaları təsdiqlədi və İrəvanın diskriminasiya ilə məşğul olduğunu bildirdi. Artıq qalib dövlət olaraq Azərbaycanın müddəalarını Avropa ikili standartlara yol vermədən qəbul etdi.
Bu isə qurumla Bakı arasında münasibətlərdə yeni isti səhifənin açılışıdır”.
Ekspert düşünür ki, Brüssel görüşü ilə Avropa sözügedən məsələdə topu artıq Rusiya tərəfə atdı:
"Bunun fonunda Rusiya da hərəkətə keçəcək. Çünki həmin görüş Moskvanı siyasi fonda qıcıqlandırmaqla bərabər, qısqandıracaq. Rusiya bu əsasda çalışacaq ki, sərhədlərin delimitasiya və demarkasiyası, habelə Zəngəzur dəhlizinin açılışı sürətlənsin. Kreml həmçinin, sülh müqaviləsinin bağlanmasını da tələsdirə bilər. Yəni həmin məsələlər Aİ tərəfindən tövsiyyə şəklində verilibsə, Rusiya onu bir növ imperativ qaydaya keçirəcək. Çünki, Moskva Qafqazı itirməmək üçün mütləq Azərbaycanın haqqını olduğu kimi qəbul etməlidir. Bir sözlə, yaranmış vəziyyət Azərbaycanın yürütdüyü xarici siyasətin uğurunun nəticəsidir”.
Rüfət Sultan