(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri dünyanın əksər ölkələrilə siyasi, iqtisadi və diplomatik əlaqələr yaradıb. Amma bir sıra aparıcı ölkələr var ki, Azərbaycan onlarla əlaqələrə daha geniş önəm verir.
Belə ölkələrdən biri də Çindir. Çin ilə Azərbaycan arasında dostluq əlaqələri böyük tarixə malikdir. Bu münasibətlərin yaranmasında tarixi İpək Yolu mühüm rol oynayıb. Pekin Azərbaycanın müstəqilliyini 1991-ci il, dekabrın 27-də tanıyıb. Diplomatik münasibətlər isə 1992-ci il, aprelin 2-də qurulub. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərdən biri məhz Çində açılıb. Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb.
Ötən müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm və təhsil sahələri üzrə geniş əməkdaşlıq əlaqələri yaranıb. BMT Təhlükəsizlik Şurasının daimi üzvü və sürətlə inkişaf edən bir ölkənin Cənubi Qafqazın lider ölkəsilə əməkdaşlığa xüsusi önəm verməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan-Çin əlaqələrinin yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsinə geniş zəmin var.
Azərbaycanın Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Urumçi, Luco və Şanxayda Azərbaycan Ticarət evləri açılıb. Azərbaycanda isə 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb.
Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edir ki, Azərbaycan-Çin əlaqələri yüksələn xətt üzrə inkişaf edir:
"Çin dünya iqtisadiyaytında mühüm göstəricilərə malik ölkədir. Ən son məlumatlara görə, Çin pulu yuan xarici ticarət dövriyyəsində hətta ABŞ dollarını ötüb keçməyə başlayıb. Azərbaycanın xarici siyasət kursunda ikitərəfli münasibətlər xüsusi yer tutur. Bu baxımdan Çinlə münasibətlər Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Vaxtilə Heydər Əliyevin Çinə səfəri, orada apardığı danışıq və müzakirələr nəticə etibarı ilə münasibətlərimizin əsasını təşkil edib. Daha sonra Prezident İlham Əliyev də Çinlə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına üstünlük verib. Azərbaycan Prezidenti Çinin qlobal layihəsi olan "Bir kəmər, bir yol” layihəsi çərçivəsində keçirilən beynəlxalq konfransa dəvət almış dövlət başçıları sırasında olub. İlham Əliyevin Çinli həmkarı Si Sizinpinlə apardığı danışıqlar bir daha göstərdi ki, Pekin Bakı münasibətləri siyasi dialoq baxımından da yüksək səviyyədədir. Təsadüfi deyil ki, Si Sizinpin İlham Əliyevi Çin xalqının dostu adlandırıb. Bu, çox yüksək bir qiymətdir”.
Deputat deyir ki, Çin münaqişə dövründə də Azərbaycanın haqq işini müdafiə edib:
"Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipini müdafiə edib. Bakı da Pekinə münasibətdə eynilə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır və Çinin "vahid Çin” konsepsiyasını qəbul edir. Bu o deməkdir ki, Tayvan Çinin tərkib hissəsidir. Belə yanaşma Azərbaycan dövlətinin Çinə münasibətdə yeritdiyi siyasətin özəlində dayanır. Gələcəkdə iki ölkə arasında turizm, loqistika, qarşılıqlı investisiyaların cəlbi kimi sahələrdə əməkdaşlığımızın geniş perspektivləri var. Hər iki dövlət münasibətlərimizin qarşılıqlı faydalı əməkdaşlıq ənənələrinə söykənərək, daha da inkişaf etməsində maraqlıdır”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.