Xəbər lenti

“Azərbaycan ərazisi ağlınıza gəlməyən torpaqlar hesabına genişlənəcək” - MÜSAHİBƏ
Siyasət08:44 03.10.2014

“Azərbaycan ərazisi ağlınıza gəlməyən torpaqlar hesabına genişlənəcək” - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur rusiyalı ekspert, Strateji Konyuktura Mərkəzinin direktor müavini “Bizim Yol”a maraqlı açıqlamalar verib. Qaynar.info həmin müsahibəni təqdim edir.

Mixail Çernov: “Gedişat Avrasiya İqtisadi Birliyinin yeni dövlət modelinə çevriləcəyindən xəbər verir”

“Artıq ABŞ hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin donunun açılmasının vaxtı çatıb”


Azərbaycan yerləşdiyi regionun geosiyasi problemlərinə fərqli yanaşma nümayiş etdirir. Xarici siyasətdə əsas amil kimi milli təhlükəsizliyin qorunması baxımından, müxtəlif dövlətlərlə əməkdaşlıq yollarının axtarılması hərtərəfli düşünülmüş konsepsiyanın tərkib hissəsidir. İstənilən məsələdə rəsmi Bakı üçün hansısa dövlətin prioritetliyi onun ölkəmizin milli maraqlarına nə qədər cavab verməsi ilə xarakterizə olunur. Azərbaycanın Qərb və Rusiya istiqamətindəki siyasəti konkret milli maraqlara söykənir.

İyulun axırı - avqustun əvvəlində cəbhə xəttində baş verən son gərginlik zamanı Azərbaycan erməni təxribatlarına qarşı konkret mövqe nümayiş etdirdi. Və sübut etdi ki, güclü silahlı qüvvələrə malik olsa da, regionda sülh istəyir və bu silahlar da elə sülhün bərqərar olmasına xidmət edəcək, pravokasiyalara qarşı isə sərt mövqe nümayiş etdirəcək.

Son münaqişə Cənubi Qafqazda iki ayrı geosiyasi yanaşmanı bir daha önə çəkdi. Bakının mövqeyi olduqca uğurludur: bu mövqeyi Rusiya, Türkiyə, İran kimi dövlətlər müdafiə edir, Qərb isə bu mövqeyə qarşı ən azı sərtlik nümayiş etdirmir. Bu isə Azərbaycanın mövqeyini qüvvətləndirir və ekspertlər hesab edirlər ki, bu proses davam edəcək.

Beləliklə, "Bizim Yol" əməkdaşı yeni geosiyasi çağırışlar, rəsmi Bakının balanslaşdırılmış siyasəti, Azərbaycana qarşı təhlükələr və digər mövzular ətrafında, nüfuzlu rusiyalı ekspert, Strateji Konyuktura Mərkəzinin direktor müavini Mixail Çernovla söhbətləşib.

- Öncə, "Azərbaycan Qərblə Moskvanın əldə etməyə çalışdığı meydandır" fikrinə münasibətinizi bilmək maraqlı olar...


- Bu fikri adətən amerikalı politoloqlar irəli sürürlər. Məncə, onların bu sözlərini çox da ciddi qəbul etməyin. ABŞ Azərbaycanı Rusiyaya qarşı istifadə etməkdə maraqlıdır. Eyni ssenari ilə onlar Gürcüstanı istifadə etdilər, indi isə Ukraynanı edirlər. Bu, sizə lazımdırmı? Məncə, bu sualın cavabı artıq rəsmi Bakı tərəfindən verilib.

ABŞ onların arxasınca gedən sadiqləri yarı yolda, çətin şəraitdə atıb gedir. Əgər xəritəyə baxsanız (şimaldan Rusiya, cənubdan - İran, qərbdən - Ermənistan), bunun Bakı üçün nə demək olduğunu anlamaq mümkündür. Odur ki, mən əminəm ki, rəsmi Bakı heç zaman kiminsə yox, həmişə öz əlinə oynayacaq. Hazırkı rəhbərliyiniz bu siyasəti çox uğurla həyata keçirir.

- Bir çox rusiyalı ekspertlər Gömrük İttifaqının perspektivlərindən ağız dolusu danışır və Azərbaycanı bu quruma gəlməyə çağırırlar. Amma maraqlıdır ki, Rusiyada bu siyasi üzvlüyün konkret olaraq Azərbaycana nə verəcəyi barədə  susmağa üstünlük verirlər...


- Rusiyanın, Belarusun və Qazaxıstanın üzv olduğu Gömrük İttifaqı siyasi yox, iqtisadi bir qurumdur. Eyni sözləri 2015-ci ilin yanvarından fəaliyyətə başlayacaq Avrasiya İqtisadi Birliyi barədə də söyləyə bilərəm. Eyni zamanda siz sualınızda siyasi üzvlük ifadəsini işlətdiniz. Bu o deməkdir ki, Azərbaycanda dünyada baş verən dəyişikliklərin əsl mahiyyətini gözəl anlayırlar.

Fikirlərimi bir az da açım: Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi sırf iqtisadi qurumlar olsa da, tarixin gedişi, Rusiya dövlətçiliyinin inkişaf məntiqi Avrasiya İqtisadi Birliyinin yeni dövlət modelinə transformasiyası ilə yekunlaşacağından xəbər verir. Bu yeni tipli ümumi dövlət həm Rusiya imperiyasından, həm də SSRİ-dən köklü şəkildə fərqlənəcək.

Odur ki, birliklərin iqtisadi - ticarət ramkalarına sıxışdırılmasını mən müvəqqəti hal hesab edirəm. Rusiya həm özü qarşısında, həm də Avrasiya məkanındakı qardaş xalqlar qarşısında daha səmimi olmalıdır.

Mən Azərbaycan rəhbərliyinin Avrasiya təşəbbüslərindən məsafə saxlamasına haqq qazandırır və doğru addım hesab edirəm. Fikrimcə, gələcəkdə Azərbaycan bu təşəbbüslərə xüsusi şərtlərlə daxil ola bilər. Avrasiya strukturlarına daxil olmaqla ölkəniz çox şey əldə edə bilər. Məsələ burasındadır ki, Moskvaya təkcə məsələnin neftlə bağlı hissəsi lazım deyil. Moskva SSRİ vaxtında mövcud olan ictimai-iqtisadi-sosial əlaqələrin tam bərpasına və modernləşdirilməsinə nail olmaq istəyir.

Son bir il ərzində Rusiya ilə Belarus arasında ticarət dövriyyəsinin həcmi 2 dəfədən çox artıb. Hesab edirəm ki, Azərbaycan Avrasiya təşəbbüslərinə qoşulsa, Rusiya ilə ticarətdə eyni uğur onu da gözləyir.

- Azərbaycan onun torpaqlarının 20 faizini işğal edən Ermənistanla eyni ticarət birliyində necə təmsil oluna bilər? Axı bu quruma üzv olanlardan heç kim Qarabağ konfliktinin həlli barədə heç nə demir...


- Təəssüf ki, 2014-cü ildə də Qarabağ münaqişəsi həllini tapmayacaq. Ümumiyyətlə, bu münaqişənin nə zaman həll ediləcəyi barədə heç kim heç təxmini fikir də söyləyə bilməz. Azərbaycan rəhbərliyi olduqca düzgün addım ataraq, müharibəni alovlanmağa qoymur.

- Özünüz deyirsiniz ki, Azərbaycan hakimiyyəti müharibəni alovlanmağa qoymur. Amma rəsmi Bakının səylərinə baxmayaraq, qeyri-konstruktiv mövqe tutan Ermənistan münaqişənin sülh yolu ilə həlli prosesini tormozlayır. Hətta bir müddət əvvəl baş verən Əliyev-Putin-Sarkisyan görüşü də heç bir nəticə vermədi. Münaqişəni ölü nöqtədən necə tərpətmək olar?

- Bu görüş müharibə ab-havasını az da olsa səngitdi. Görüşün məqsədi münaqişəni ölü nöqtədən tərpətmək yox, müharibəyə yol verməmək idi. Məncə, Putin həm Əliyevə, həm də Sarkisyana Qarabağ müharibəsinin hər iki dövlət üçün hansı fəsadlar gətirə biləcəyini bildirdi. Burada söhbət kiməsə hədə-qorxu gəlməkdən yox, real regional fəlakət ssenarisinin açıqlanmasından gedir.

- İndi bu yöndə proseslər hansı ssenari ilə davam edəcək?

- Ssenarilər müxtəlif ola bilər. Amma hələ ki, neqativ ssenarinin işə düşməsinin qarşısı alınıb. İndi məncə ABŞ rəhbərliyi aktivləşəcək və Bakı və Yerevana müxtəlif yollarla təhdidləri artıracaq. Bakını beynəlxalq arenalar vasitəsi ilə müharibəyə təhdid etməyə çalışacaqlar. Ermənistanda "stavka" daxili vəziyyətə ediləcək: ölkənin Avrasiya təşəbbüslərinə qoşulmasının əleyhdarları, müxalifət fəallaşacaq. İstənilən halda, həm Bakını, həm də Yerevanı hələ çətin sınaqlar gözləyir.

- Bu gün konkret olaraq, Qarabağ münaqişəsinin həllinə nə mane olur?


- Dünyada baş verən çalxalanmalar, turbulentlik şəraitində ayrı-ayrı münaqişələri (Ermənistan-Azərbaycan, İsrail-Fələstin) həll etmək mümkün deyil. Ətrafda hər yerin alovlandığı bir vaxtda sülh razılığına gəlmək mümkünsüz görünür. Konfliktlərin həllinə iri dövlətlərin böyük müharibəyə hazırlığı mane olur.

- Sizcə, ATƏT-in Minsk Qrupu nəyəsə qadirdir, yoxsa onun resursları başa çatıb?

- Məncə, hələ ki, heç nəyi dəyişmək lazım deyil. Bu gün Qarabağla bağlı yeganə düzgün yanaşma "təki müharibə olmasın" yanaşmasıdır. Elə Minsk Qrupu da nə deməsindən asılı olmayaraq, bu istiqamətdə işləyir.

- Çoxları hesab edir ki, Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır. Rusiya nəyi gözləyir?


- Hazırda dediyiniz o açar  Rusiyanın əlində deyil. Rusiya Cənubi Qafqazdakı dostlarına bunu çatdırır: bizə regionda müharibə lazım deyil. Birtərəfli müharibəyə başlamaq, Rusiyanı məcburən bu münaqişəyə cəlb etmək deməkdir. Və təkcə Rusiyanı yox. Bunun isə bütün region üçün ağır fəsadları ola bilər.

- Bəs münaqişənin həllində Qərbin rolu nədən ibarətdir?


- Görünür, Qərb və ilk növbədə ABŞ hesab edir ki, Qarabağ münaqişəsinin donunun açılmasının vaxtı gəlib çatıb. Qərb bütün ağrılı nöqtələrin donunu açmaqla məşğuldur: sünni-şiə, kürd məsələsi, Tacikistan, Dnestryanı bölgə, Ukrayna. Qarabağ da istisna deyil. Qərb həll etmir, yalnız ağrılı yerlərin qaysağını qoparır və çəkilir kənara.

- Cəbhədəki son gərginlik zamanı çoxları hesab edirdi ki, Qarabağda yeni müharibə başlayır. Amma indi diqqətlər yenidən Ukraynaya yönəldi. Ukraynadakı hadisələr Qarabağda müharibənin başlanmasına səbəb ola bilərmi?


- Ukrayna problemi Rusiya və Avrasiya İqtisadi Birliyi üçün həyati əhəmiyyətli məsələdir və Moskva geri çəkilməyəcək. Bu hadisələr fonunda Qarabağda hər hansı gərginlik yaratmaq Rusiyaya zərbə vurmaq deməkdir.

- Sizcə, bu situasiyada Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları tam tükənib?


- Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli təxminən 10 ildən sonra mümkündür. O zaman dünyada yeni qüvvələr bölgüsü olacaq. Yeni dövlətlər, dövlətlər birliyi yaranacaq, mövcud olanların bəziləri ləğv ediləcək. Bax, o zaman Zaqafqaziyada situasiyanı dəyişmək üçün imkanlar yaranacaq. Bu zaman mən Azərbaycan ərazisinin indi heç kimin ağlına belə gətirmədiyi, amma gələcək üçün məqbul sayılan ərazilər hesabına genişlənəcəyi imkanlarını da istisna etməzdim.

- Putin deyir ki, Rusiya Zaqafqaziyadan getməyəcək və Qarabağ münaqişəsi də sülh yolu ilə həll edilə bilər. Bu o deməkdirmi ki, rəsmi Bakının öz torpaqlarını azad etməsi istiqamətindəki addımlarının qarşısı Moskva tərəfindən alınacaq?  


- Rusiya Qafqazdan getməyəcək və burada öz nüfuzunu yalnız gücləndirəcək. Söhbət həm hərbi, həm də infrastrukturlardan
gedir. Azərbaycanın Rusiyanın gələcək təşəbbüslərində müstəsna rolu olacaq. Amma indi, hər kəs anlamalıdır ki, Rusiyaya bu bölgədə müharibə lazım deyil. Azərbaycan müharibəyə başlasa, gələcəkdə Avrasiya Birliyinə öz xüsusi şərtləri ilə daxil olmaq imkanlarını itirə bilər. Mən müharibəyə inanmıram. Azərbaycan rəhbərliyinin bu münaqişəni sülh yolu ilə həll etmək üçün səbri, uzaqgörən siyasəti və siyasi iradəsi var. Həlli mümkün görünməyən problemləri dondurub gələcək planlar üzərində işləmək daha doğru və məntiqlidir.

Qaynar.info