Xəbər lenti

Azərbaycan-Ermənistan sərhədinə Aİ missiyasının göndərilməsi nə vəd edir?
Siyasət08:11 07.10.2022

Azərbaycan-Ermənistan sərhədinə Aİ missiyasının göndərilməsi nə vəd edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Praqada keçirilən görüşdə Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılığını ifadə edib. Məlumata görə, missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. 
Aydındır ki, bu missiya Ermənistan-Azərbaycan sərhədində son zamanlar baş verən insidenti araşdırmaqla məşğul olacaq. Qeyd edək ki, sentyabrın 12-13-də Ermənistan ordusu Azərbaycanla sərhəddə genişmiqyaslı təxribatlara əl atıb. Azərbaycan təxribata cavab olaraq düşmənə sarsıdıcı zərbə vurub. 
Qaynarinfo-ya açıqlama verən politoloq Tural Rzayevin fikrincə, Aİ-nin mülki missiyasının sərhəddə olması təxribatların qarşısını almağa xidmət edəcək: 
"Aİ-nin mülki missiyası çox güman ki, daha çox sərhəd bölgəsində mülki əhaliyə dəyən ziyanla bağlı müəyyən hesablamalar aparacaq. Azərbaycan hələlik sərhəd xəttində ciddi əhali məskunlaşmasını həyata keçirməyib. Amma bütün hallarda sərhəd xəttindəki atışmalar zamanı bir sıra sərhəd kəndləri atəş zolağında yer alıb. Aİ-nin mülki missiyası bu məsələ ilə bağlı araşdırma apara bilər. Azərbaycan müəyyən infrastruktur işləri görür. İnsident zamanı orada çalışan mülki işçilərə də atəş açılıb. Hətta onlar arasında da yaralananlar, minaya düşənlər olur. Bununla bağlı da araşdırmanın aparılması mümkündür. 
Böyük ehtimalla həmin missiya sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ilkin monitorinq keçirməyi də nəzərdə tutacaq. Bu fonda sərhəd bölgəsində olub, mövcud ümumi vəziyyətlə də maraqlana bilərlər. Bu yolla gələcəkdə bağlana biləcək sülhün şərtlərinin və yerli əhalinin ona münasibətinin necə olacağını aydınlaşdırırlar. Yəni missiyanı sırf humanitar missiya kimi təqdim etsələr də, böyük ehtimalla tərəflər arasında delimitasiya və demarkasiyaya aid müəyyən məlumatları da toplamağa çalışacaqlar. Missiyanın müddəti istənilən halda iki aydır və onun hər hansı daha geniş hərbi missiya ilə əvəzlənəcəyini mümkün saymıram. Çünki Bakı buan etiraz edəcək. 
Bütün hallarda mülki missiyanın sərhəddə olması sülh prosesi dövründə təxribatların qarşısını almağa xidmət edə bilər. Adətən hər dəfə sülh prosesi ətrafında müəyyən irəliləyiş olan kimi, Ermənistan tərəfindən sərhəddə bəzi təxribatlar baş verir. 12-13 sentyabr döyüşləri və Praqa görüşü ərəfəsində Ermənistanın böyük bir hərbi texnikasının vurulması İrəvanın hələ də təxribatlara meyilli olduğundan xəbər verir. Düşünürəm ki, mülki missiyanın orda olması ilə sərhəddə bir immunitet yaranacaq və missiya ən azından təxribatların necə, hansı tərəfdən həyata keçirildiyini müəyyənləşdirə biləcək”.
Rüfət Sultan