"Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Vaşinqtona səfəri Azərbaycan və Ermənistan liderlərinin mayda bu ölkədə gözlənilən görüşünə hazırlıq kimi dəyərləndirilə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson və ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bono ilə görüşünü şərh edərkən deyib:
"Bir neçə gün öncə rəsmi məlumat yayıldı ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün may ayında Vaşinqtonda keçirilməsi gözlənilir. Bu görüşdə də sülh danışıqları istiqamətində mühüm nəticəyə gəlinəcəyi bildirilir. Bildiyimiz kimi, aprelin 10-da Qazaxıstana səfəri zamanı dövlət başçısı İlham Əliyev bununla bağlı verdiyi açıqlamada sülh danışıqları rəvan getməsə də, Azərbaycanın təşəbbüsü ilə danışıqların müzakirələrin etdirildiyini deyib. Daha sonra Vaşinqton görüşünün keçiriləcəyi ilə bağlı məlumat yayıldı. Bu müstəvidə dünən baş verən təxribatı analitiklərin əksəriyyəti mayda olacaq Vaşinqton görüşü və Ermənistanın müdafiə nazirinin Avropada səfərdə olması ilə əlaqələndirirlər. Yəni Moskva və Tehran Ermənistana təzyiq etməklə həmin danışıqların pozulmasına cəhd göstərirlər. Sülh danışıqlarının baş tutmamasında maraqlı olan qüvvə Moskva, Tehran və Parisdir. Onlar pozuculuq fəaliyyətilə məşğuldurlar. Danışıqların baş tutması və bölgədə sülhün bərqərar olmasında maraqlı olan qüvvə isə Vaşinqton, London və Ankaradır. Bu ox üzrə danışıqlarda Bakı ilə İrəvan arasında prosesin sülhlə nəticələnməsi üzrə təşəbbüslərin şahidi oluruq”.
Ekspertin fikrincə, təxribatlara baxmayaraq, görünən odur ki, danışıqların sülh yolu ilə davam etdirilməsində hər iki tərəf siyasi iradə və istək nümayiş etdirir.
Qeyd edək ki, "Sputnik Armenia"nın məlumatına görə, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson və ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bono ilə görüşüb. Onlar Ermənistan-ABŞ əməkdaşlığını, Ermənistan-Azərbaycan sülh danışıqlarının vəziyyətini müzakirə ediblər.
Rüfət Sultan