Xəbər lenti

Azərbaycan-Ermənistan sülhü: Sazişin qarantı hansı ölkələr ola bilər?
Siyasət09:45 14.12.2023

Azərbaycan-Ermənistan sülhü: Sazişin qarantı hansı ölkələr ola bilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Böyük ehtimalla təminatçı rolunda Avropa İttifaqı çıxış edəcək”. 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması fonunda təminatçı ölkələrin olub-olmayacağı və onların roluna toxunarkən deyib.
Şərhçi bildirib ki, Ermənistanın ikitərfəli danışıqlardan qaçmasının əsas səbəblərindən biri məhz onların özlərinə təminat istəməsilə bağlıdır:
"Azərbaycanla Ermənistan arasında qüvvələr nisbətinin xeyli fərqli və tərəflər arasında etimad mühitinin kəskin aşağı olması səbəbindən İrəvan tərəfi təminat istəyir. Bu da Ermənistanın tək olaraq Azərbaycanın qarşısında dayana bilməyəcəyinə əmin olması ilə əlaqədardır. Amma maraqlıdır, son zamanlar Azərbaycan rəhbərliyinin çıxışlarında da bir neçə dəfə səslənib ki, sülh müqaviləsi imzalanarsa, ölkəmizə də təminat lazımdır. Çünki Azərbayanın qarşı tərəfə etimadı haqlı olaraq aşağı səviyyədədir. Ona görə də müəyyən mexanizmlər lazımdır ki, İrəvan sülh müqaviləsi imzalandıqdan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, müəyyən müddətdən sonra Azərbaycanın ərazi bütövlüyünü bu və ya digər dərəcədə tanımadığını bəyan etməsin".
Ekspert düşünür ki, indiki səviyyədə müqavilə imzalanacaqsa, hansısa təminatçılar da olacaq: 
"Təminatçı rolunda çıxış etmək istəyənlər də az deyil. Vaşinqtondan tutmuş, Avropa İttifaqı və Rusiyaya qədər. Daha böyük ehtimalla təminatçı rolunda söhbət Avropa İttifaqından gedir".
Həmsöhbətimiz  təminatçı olmadan məsələnin irəliləməsi mümkünlüyünü də istisna etməyib:
"Ancaq məsələ uzansa, qarşılıqlı təmaslar nəticəsində əlaqələr və qarşılıqlı addımların artması fonunda müəyyən faktorlar ortaya çıxa bilər.  Nəticədə, ortada müəyyən etimad yaranar və təminatçı olmadan da məsələni irəlilətmək mümkün olar. Müəyyən gələcək üçün belə bir ehtimal var. İndiyə kimi Azərbaycanla Ermənistan arasında ortada bir həftə öncə bağlanan sənədə bənzər sənəd olmayıb. Söhbət ondan gedir ki, 35 il konfliktdə olan iki dövlət beynəlxalq münasibətlərdə bir-birini dəstəkləyəcəyi addımlar atdılar. Buna hətta sülh müqaviləsi olmadan əməkdaşlıq da deyərdim. Bu cür addımlar qarşılıqlı təminat yarada bilər. Onda artıq təminatçı özü artıq elementə çevriləcək. Amma mövcud situasiyada hələlik bu yoxdur. Ona görə də indiki məqamda təminatçıya ehtiyac olacaq".
Rüfət Sultan