
Son zamanlar Sınıq Körpü sərhəd keçid məntəqəsində həm piyada, həm də avtomobil keçid xətlərində sıxlıq müşahidə olunur. Qonşu ölkəyə gedib gələnlərin çox olması vətəndaşların saatlarla sərhəddə gözləməsinə gətirib çıxarır.
Bu sıxlığı nisbətən azaltmaq üçün Ağstafada olan Sadıxlı məntəqəsində keçid rejimi dəyişdirilə bilər. Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbər şəxsləri bu məsələləri müzakirə etmək üçün bu gün Qazaxda görüş keçiriblər.
Görüşdə Gömrük Xidmətləri arasındakı digər əməkdaşlıq məsələləri də müzakirə edilib.
Gürcü qonaq Samson Uridianın sözlərinə görə, əgər söhbət sərhəd keçid məntqəsində rejimin dəyişdirilməsindən gedirsə gərək birinci infrastruktur buna uyğunlaşsın. "Sadıxlı buraxılış məntəqəsinin Gürcüstan tərəfində bir az yenidənqurma işlərinin aparılmasına da ehtiyac var".
Azərbaycan Gömrük Komitəsinin (DGK) rəhbər şəxsləri də Sadıxlı məntəqəsinin nəqliyyat vasitəsləri üçün açıq olmasında maraqlı olduqlarını bildiriblər. DGK-nın idarə rəisi Güloğlan Muradlı qeyd edib ki, son zamanlar Azərbaycan və Gürcüstanın həyata keçirdiyi turizm və digər iqtisadi irimiqyaslı layihələrin reallaşdırılması bu buraxılış məntəqəsindən istifadəni çoxaldıb. Bu da sərhəd boyu sıxlığın yaranmasına gətirib çıxarır.
Görüşdə “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, bu il avqustun 10-dan etibarən isə saat 08:00-dan 20:00-dək yüngül minik avtomobillərinin keçidinin təmin olunması barədə razılıq əldə olunub.
Qaynar.info