"Cənubi Qafqaz ölkələri arasında üçtərəfli əlaqələrin yaradılması yolunda ilkin addım olaraq kommunikasiyalar açılmalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Bakı ilə normal münasibətlər qurmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin "CNN Türk" kanalına müsahibəsində Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımların atılması vacibliyini vurğulaması fonunda, həmin başlanğıc addımların nədən ibarət olduğuna aydınlıq gətirərkən deyib. Həmsöhbətimiz bildirdi ki, bu açıqlaması ilə Azərbaycan Prezidenti son dövrlər yaranan və yaranması vacib yeni reallıqları gündəmə gətirib:
"Burada Prezident üç qonşu dövlətin əlaqələri məsələsinə də toxunub. Bilirsiniz ki, 44 günlük müharibə bitəndən sonra bölgəmizdə Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Ermənistan olmaqla altıtərəfli münasibətlərin yaradılması vacinliyi önə çəkilmişdi. Prezident buna toxunmaqla bildirdi ki, Tiflislə Moskva ikitərəfli münasibətləri formalaşdırmağa hazır deyillər. Belə ki, onlar arasında ikitərəfli münasibətlər mövcud deyil və bu münasibətlərin nə vaxt bərpa olunacağı sual altındadır”.
Politoloq qeyd etdi ki, müharibədən sonra Tiflis, Bakı və İrəvan arasında üçtərəfli əlaqələrin formalaşması yolunda müəyyən ilkin mühit yaranıb. Amma onun daha da inkişaf edərək reallaşması bütünlüklə Ermənistanın bundan sonra yeridəcəyi siyasətdən asılıdır:
"Bu prosesin yaranması üçün Tiflislə Bakı arasında heç bir problem yoxdur. Onlar arasında iqtisadi, siyasi, mədəni əlaqələr yüksək səviyyədədir və daim inkişaf edir. Belə olan halda sözügedən "üçlüy"ün yaranması üçün Ermənistanla Azərbaycan arasında münasibətlər yaradılmalıdır. Bu münasibət isə yalnız və yalnız məlum məsələlərin həlli fonunda mümkündür. Bunun üçün ilkin addım olaraq kommunikasiyalar açılmalı və Ermənistan işğalçılıq siyasətindən əl çəkərək, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Bakı ilə normal münasibətlər yaratmalıdır. Dəhliz, dəmiryolu, nəqliyyat yolları açılmalıdır. Bunlar olmadan üçtərəfli əlaqələrin yaranması da mümkünsüzdür. Düşünürəm ki, Prezident İlham Əliyev üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımların atılması vacibliyindən danışarkən məhz bunları nəzərdə tutub”.
Rüfət Sultan