Azərbaycan İsraildən 2 milyardlıq silah alacaq: Ruslar və ermənilər narahatdır (VİDEO)
Azərbaycan növbəti 5-7 il ərzində İsraildən 2 milyard dollarlıq silah alacaq. Aydındır ki, məqsəd müharibədə istifadə edilmiş silah-sursatın yerini doldurmaq və yeni silah növləri əldə etməkdir.
Qaynarinfo xəbər verir ki, bu sözləri jurnalist-analitik Asif Nərimanlı öz Feysbuk statusunda qeyd edib. O, Ermənistan və Rusiya KİV-lərinin bundan narahat olduğunu bildirib:
"İddia edirlər ki, Azərbaycan Qarabağda müharibənin yeni mərhələsinə hazılaşır və "sübut” kimi Ərdoğanın rus sülhməramlıları ilə bağlı dedikləri təqdim olunur.
Ərdoğan yanvarın 13-də Putinlə telefon söhbətində sülhməramlılarla bağlı demişdi: "Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır”.
Kremlin rəsmi açıqlamasında bu məqama yer verilmədi, lakin Ərdoğanın sözləri deməyə əsas verir ki, qapalı müzakirələr Qarabağda sülhməramlıların olmaması istiqamətində də aparılır:
- Bakı və Ankara sülhməramlıların bölgədən daha tez çıxmasını, ən pis halda qalması vaxtının (5 il) uzadılmasını istəmir; (bu haqda 14 yanvarda yazmışdıq).
Rusiya və Ermənistan KİV-dəki narahatlıq əbəs deyil, çünki münaqişənin tarixi boyunca irəli sürdüyü həll planlarında sülhməramlılarını bölgəyə yerləşdirməyi düşünən Rusiya buna nail olsa da, qarşısında Türkiyənin olacağını hesablamamışdı: Bakı rusların qarşısını ala bilmədiyi planını öz maraqlarına uyğun korrektə etməyi bacardı”.
Analitik yeni müharibənin az ehtimal olduğunu vurğulayıb:
"Yeni müharibənin olacağı ehtimalı zəifdir (rusların bölgədə mövcud olmaq üçün lokal toqquşmalar, anlaşılmazlıqlar yarada biləcəyi istisna deyil), lakin Bakının hərbi arsenalında yaranmış kəsirləri düzəltmək və gücləndirmək addımı həm mümkün risklərə qarşı tədbirli olmaq, həm də tələblərini diktə etmək baxımından vacibdir. Bunun Ermənistanla yanaşı, Rusiyanı narahat etməsi təəccüblü deyil, çünki tələblərdən biri də rus kontingentinin Qarabağdan çıxarılması olacaq, ən pis halda 5 ildən sonra...
Rusları narahat edən səbəblərdən biri də 44 günlük müharibədə silah sənayesinin çətin vəziyyətə düşməsindən sonra bazarda Azərbaycan kimi müştərini itirməsidir”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər