Xəbər lenti

Azərbaycan-İtaliya iqtisadi münasibətləri: Rəqəmlər, dinamika və perspektivlər (ŞƏRH)
Ekonomiks 11:55 05.05.2026

Azərbaycan-İtaliya iqtisadi münasibətləri: Rəqəmlər, dinamika və perspektivlər (ŞƏRH)

Azərbaycan ilə İtaliya arasında iqtisadi münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliya uzun müddətdir ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır və bu mövqe əsasən enerji sektorunda formalaşmış əməkdaşlıqla bağlıdır. Müxtəlif illərdə ikitərəfli ticarət dövriyyəsinin 10-15 milyard dollar intervalında dəyişməsi bu münasibətlərin miqyasını və davamlılığını açıq şəkildə nümayiş etdirir. 

Ticarət strukturuna nəzər saldıqda, əməkdaşlığın əsas hərəkətverici qüvvəsinin enerji resursları olduğu görünür. Azərbaycanın İtaliyaya ixracının mühüm hissəsini xam neft təşkil edir və bəzi dövrlərdə bu istiqamət ümumi neft ixracında aparıcı paya malik olub. Bu prosesdə xüsusi rol oynayaraq enerji  əməkdaşlığının institusional əsasını təmin edir. 
 


Bununla yanaşı, İtaliyadan Azərbaycana ixracın həcmi nisbətən məhdud qalır ki, bu da ticarət balansında fərq yaradır. Lakin bu fərq daha çox tərəflərin iqtisadi ixtisaslaşmasından və mövcud istehsal  strukturlarından irəli gəlir. Makroiqtisadi göstəricilər də tərəflər arasında iqtisadi miqyas fərqini əks etdirir. İtaliya təxminən 2–2.3 trilyon dollarlıq ÜDM ilə Avropanın aparıcı iqtisadi güclərindən biri olmaqla yanaşı, yüksək texnologiyalı sənaye və emal sektorlarında güclü mövqeyə malikdir. Adambaşına düşən ÜDM 35–40 min dollar səviyyəsindədir. Azərbaycan iqtisadiyyatı isə təxminən 80 milyard dollar həcmindədir və adambaşına ÜDM 8–9 min dollar civarında dəyişir. Bu fərqlər əməkdaşlığın strukturuna təsir etsə də, eyni zamanda qarşılıqlı imkanlar yaradır. İnvestisiya əməkdaşlığına gəldikdə, İtaliya vasitəsilə Azərbaycanın beynəlxalq maliyyə bazarlarında, o cümlədən Avropa iqtisadiyyatında aktiv iştirakı müşahidə olunur. 

Eyni zamanda, İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edir və bu istiqamətdə potensialın daha da genişlənməsi üçün əlverişli zəmin formalaşır. Mövcud əməkdaşlıq modeli artıq yalnız enerji ilə məhdudlaşmır. Sənaye, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı və texnologiya  sahələrində də yeni imkanlar yaranmaqdadır. Bu baxımdan, iqtisadi münasibətlərin şaxələndirilməsi hər iki tərəfin maraqlarına uyğundur və qarşılıqlı faydanı artırmaq potensialına malikdir. Bu perspektivlərin praktik müstəviyə  keçməsi baxımından qarşıdakı təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. 
 


Belə ki, Bakıda Azərbaycan–İtaliya biznes forumunun keçirilməsi planlaşdırılır. Bu barədə İtaliya Nazirlər Şurasının  sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanat zamanı məlumat verib. Planlara əsasən, 2026-cı ilin ikinci yarısında təşkil olunacaq forum siyasi dialoqu real iqtisadi layihələrə və konkret biznes imkanlarına çevirməyə xidmət edəcək. İtaliya tərəfi həmçinin yalnız ikitərəfli deyil,  üçüncü ölkələrdə də birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayır. Bu isə əməkdaşlığın coğrafiyasının və  məzmununun genişlənməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Siyasət şöbəsi

--> -->